Nazir müavini Qüdrət Həsənquliyevə etiraz etdi - "HƏR BİR NEQATİV HAL DÜŞMƏN TƏRƏFİNDƏN BİZƏ QARŞI İSTİFADƏ OLUNUR"

  • By admin
  • 15 Dekabr 2017 13:32

“Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda bu barədə yazı yazanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib. O, bu məsələdə medianı diqqətli olmağa çağırıb.

K.Vəliyev deputat Qüdrət Həsənquliyevin ordu ilə bağlı mediada yayılan fikirlərinə də toxunub: “Deputat bir müddət öncə, Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, həmin media orqanları nə Milli Məclisdə, nə də Müdafiə Nazirliyində akkreditasiyadan keçib: “Onlar müxtəlif saytlardır ki, bu cür şeylər yazırlar”.

Mürtəza

Gununsesi.info