“Nazir tapşırmışdı, mən də çağırdım…” -GENERAL İŞ ADAMINI MÜXALİFƏTƏ İŞLƏMƏKDƏ İTTİHAM ETDİ

  • By admin
  • 15 Mart 2018 18:16

 

Bakı Apellyasiya Məhkəməsində MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin şikayəti üzrə məhkəmə davam edir.

Gununsesi.info xəbər verir ki, martın 15-də məhkəmədə zərərçəkən Maqsud Mahmudov çıxış edərək, Elçin Quliyevin 10 il 6 ay, Azər Mehdiyevin isə 8 illik cəzasının daha da ağırlaşdırılmasını istəyib. O, həmçinin vaxtilə MTN-də ondan alınmış 120 min dollarını tələb etdiyini bildirib: “Pulum niyə qaytarılmır? Halal pulumdur. Həmin pulu Azər Mehdiyevə vermişəm, o da o vaxt mənə dedi ki, aparıb Vüqar Mahmudova (keçmiş nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu, hazırda həbsdədir) verəcək”.

Təqsirləndirilən MTN polkovniki Azər Mehdiyev isə zərərçəkənin söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib: “Maqsud Mahmudov bu ölkədə yaşayan ən böyük dələduzlardan biridir. Özü bir neçə dəfə cinayət məsulliyyətinə cəlb edilib. Hər şeyi yalan danışır. Onunla tanışlığım 2015-ci ildə Avropa Oyunlarından sonra olub. İşə çıxan gün nazir iş tapşırmışdı, mən də ona görə Maqsud Mahmudovu nazirliyə dəvət eləmişəm. O vaxt nazirliyin ali rəhbərliyinin adından istifadə edərək dələduzluq etmişdi. Gəldi, onu rəhbər şəxslərin yanına göndərdim”.

Təqsirləndirilən MTN generalı Elçin Quliyev də zərərçəkən Maqsud Mahmudovun 4 dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib. Əlavə edib ki, o, Ruhi-Əsəb Dispanserində yatıb: “Bunu həbs ediblər,  xəstə olduğu üçün azadlığa buraxılıb. Həbsxanda bağırsağında iki telefon tapılıb. Bu adamın danışdıqların hamısı yalandır. Hamını yalandan ittiham edir. Bu adamın MTN-ə çağrılmasına əsas səbəb o idi ki, o, Ukraynada Maydan hərəkatında müxalifətlə birlikdə  Azərbaycan bayrağını qaldırmışdı. “Youtube”da da var. Sizcə ali rəhbərliyin tapşırığı ilə çağrılan adamdan pul almaq olar? Mən heç kimdən rüşvət almamışam. Belələri gəlib bizim kimilərin üzünə durur”.

Maqsud Mahmudov isə cavabında təqsirləndirilən MTN-çilərdən soruşub ki, əgər o, dələduz idisə, dövlət çevrilişində iştirak etmişdisə, MTN-dən onu niyə buraxırdılar?

“Ölkəminin bayrağını xaricdə qaldırıramsa, burada nə qəbahət var?”, – zərərçəkən bildirib.

Məhkəmə martın 30-da davam edəcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə müvafiq orqanlara təqdimat göndərilməsi haqda da qərar çıxarılıb. Amma onlar özlərini təqsirli bilmir və bəraət istəyirlər.

Gülər

Gununsesi.info