Nazirlikdən “quş qripi” açıqlaması

  • By admin
  • 24 Fevral 2017 17:30

qusqripi

Azərbaycanda “quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinqin nəticələri məlum olub. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Gununsesi.info-ya daxil olan məlumata görə, yoxlama zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl, 15 baş ev quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2 431 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələb-lərinə cavab verən şəraitdə həyata keçirilsin.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Xatırladaq ki, fevralın 13-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

Gununsesi.info