Nazirlikdən vergi ödəyicilərinə GÜZƏŞT

  • By admin
  • 15 Yanvar 2018 13:12
Azərbaycan Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabatların verilməsi vaxtını bir qədər uzadıb. 
Bu barədə Gununsesi.info-ya Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin IV rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci il yanvarın 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. Bu qərarın verilməsinə səbəb yanvarın 20-21-nin qeyri-iş günləri olması ilə bağlıdır.
Nazirlik bildirir ki, bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər.
“Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulub”, – deyə Nazirlikdən bildirilib.
Gununsesi.info