“Neft harada var, orada qeyri-sabitlik, savaş var” - ZAHİD ORUC

  • By admin
  • 20 Sentyabr 2017 14:36

zahid_oruc63

Azərbaycan prezidenti İlham Əliyev düşünülmüş siyasət nəticəsində, son dövrlərdə ölkəmizə qarşı yönələn hücumları zərərsizləşdirərək, onların arqumentlərini əlindən almaqla, bir daha Azərbaycanın maraqlarını qorumuş oldu.

Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlər sistemində düyün nöqtələrindən olduğundan müxtəlif güclərin toqquşması ilə üzləşir. “Biz artıq uzun illərdir ki, bunun şahidiyik. Ona görə də belə şəraitdə Azərbaycan geopolitik baxımdan strategiyasını düzgün müəyyənləşdirməlidir. Əgər Azərbaycan öz gələcək strategiyasını düzgün müəyyən edərsə bölgə uğrunda güclər arasında gedən  mübarizədən uğurla çıxacaq və gözlənilən təhlükədən uzaq olacaq”- deyə, millət vəkili vurğulayıb.

O əlavə edib ki, bütün güclərin maraq düyünündə yerləşən Azərbaycan bu geosiyasi, geoiqtisadi oyunlarda şəqr-qərb, şimal-cənub arasında öz niyyətini reallaşdırmaq gücündə olub-olmadığını müəyyən etməlidir. “Azərbaycan öz seçimini edib-etməməsindən asılı olmayaraq bölgə uğrunda aparılan mübarizənin nəticəsində ölkəmizin əleyhinə fəaliyyətin şahidi olacağıq. Çünki biz 90-cı illərdən bəri belə hallarla çox rastlaşmışıq. Son dövrlərdə Azərbaycan əleyhinə aparılan kampaniya da hansısa güclərin maraqlarına xidmət edir”-, deyə, Z.Oruc bildirib.

Deputat deyib ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrda atdığı bir neçə addımla ölkəmiz əleyhinə aparılan kampaniyanı iflasa uğratdı: “Dövlət başçısı atdığı dəqiq hədəflərə əsaslanan addımları ilə istər ölkə  xaricində, istərsə də daxildəki qüvvələri zərərsizləşdirərək, onların arqumentlərini əllərindən alaraq ölkəmizə qarşı təzyiq mexanizmini sındırdı və düşmən cəbhələrini neytrallaşdırdı. Baxmayaraq ki, bundan sonra da bəzi beynəlxalq qurumlar tərəfindən ölkəmizin ünvanına sanksiya və digər cəza mexanizminin seçilməsi ilə bağlı təhdidlər səslənsə də, artıq bunlar keçmiş fikirlərlər olduğundan cəfəngiyyatdan başqa bir şey olmadı”.

Z.Oruc  bildirdi ki, Azərbaycan prezidenti bloger Aleksandr Lapşini əfv edərək İsrailə ekstradisiya etməklə, xarici neft şirkətləri ilə neft müqaviləsinin 2050-ci ilədək uzadılması barədə sazişi imzalamaqla, Türkiyə ilə birgə, eyni zamanda Gürcustanda NATO-nun hərbi təlimlərində iştirak etməklə, Rusiya və İranla normal münasibətləri davam etdirməsi hesabına ölkəmizə yönəlik təhdid və təhlükələri dəf etməyi bacardı: “Birincisi, Azərbaycan prezidenti Aleksandr Lapşini əfv edib, İsrailə ekstradisiya etməklə bir daha humanist siyasət yürütdüyünü sübut etdi. Lapşinin həbsinin bir məqsədi var idi. Bu da ondan ibarət idi ki, Azərbaycan bununla Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə mesaj ünvanlayaraq kimliyindən asılı olmayaraq, Azərbaycan sərhədlərini pozan istənilən şəxsi cəzalandırılacaq. Azərbaycan Lapşin timsalında bunu yerinə yetirdi. Ancaq dünyaya öz humanistliyini sübut edərək, onu azad etdi.

İkincisi, sentyabrda neft müqaviləsinin imzalanması Azərbaycanın xeyrinə həll olundu. Baxmayaraq ki, yeni imzalanan müqavilə Azərbaycan üçün heç də 1994-cü ildə imzalanan neft müqavilələrindən asan olmadı. Yəni bu müqavilə bir daha sübut etdi ki, hələ də dünyada neft uğrunda amansız mübarizə gedir. Necə deyərlər, neft harada var, orada qeyri-sabitlik, savaş var. Ancaq bu proseslər Azərbaycanın xeyrinə həll olundu. Bu zaman Rusiya da 1994-cü ildəki kimi sərt təpki göstərmədi. Bu da iki ölkə arasında ayardılan münasibətin göstəricisidir.

Üçüncüsü, 2018-ci ildə keçiriləcək prezident seçkiləri nəticəsində gələcək hakimiyyətin formalaşması ilə bağlıdır. Azərbaycan prezidenti addımları ilə bu qara savaşda yer alanları zərərsizləşdirərək prosesləri uddu.

Dördüncüsü, Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi, eyni zamanda NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərdə iştirakıdır”.

Millət vəkili son olaraq onu da vurğuladı ki, Azərbaycana qarşı həyata keçirilən bu qarayaxmalar gizli paytaxtlar tərəfindən verilir: “Bu gün dünyamızda böyük güclər hansısa bölgədə və ya ölkədə maraqlarını təmin edib, nəzarətinə keçirən zaman ilk ilaraq informasiya müharibəsindən yararlanır. Bu gün informasiya vasitələri böyük güclərin əlində bir hərb savaşı kimi vacib elementdir. Bəlkə də ondan üstündür. Odur ki, bu güclər maraqlarını təmin etmək üçün beynəlxalq medianın gücündən istifadə edir. Elə orada da çalışanları hərbçi zabit kimi dəyərləndirmək lazımdır. Belə qərarlar da gizli paytaxtlarda verilir. Ona görə də Azərbaycanın maraqlarına ziyan vuran məsələlərdə bir arada olub, maraqlarımızı müdafiə etməliyik”.

Mürtəza Bünyadlı

Gununsesi.info