Oğurluğa görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib

  • By admin
  • 22 Avqust 2017 14:22

qandal-qolda

Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 11-dən cari il avqustun 9-dək olan müddətdə şəhər ərazisində “Topaz” mərc oyunları məntəqəsindən, 2 avtomobildən, 1 evin yardımçı təsərrüfatından və 8 evdən pul, qızıl və məişət əşyaları, velosiped, akkumulyator, maqnitafon və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info