Ölkənizi və xalqınızı çox sevdim - Zoran Deriç

  • By admin
  • 10 Noyabr 2016 12:50

zoran

   “Paytaxtınızda tanış olduğum musiqi alətlərindən ən çox sevdiyim saz və tar oldu”.

7-8 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Beynəlxalq Teatr Konfransına dünyanın müxtəlif ölkələrinin milli teatrlarının rəhbərləri, tanınmış teatr xadimləri də qatılıblar.

Konfrans iştirakçıları arasında Serbiya Milli Teatrının direktoru Zoran Deriç də var. Respublikamıza ilk dəfədir səfərə gəlmiş Deriç Gununsesi.info-ya müsahibəsində Azərbaycan, Bakı şəhəri, xalqımız, teatrımız və mədəniyyətimiz barədə maraqlı fikirlər söyləyib:

– Cənab Zoran Deriç, Sizi izləyicilərimizə necə təqdim edək? Zərmət olmasa, özünüz barədə məlumat verin.

– Uşaqlıqdan bədii yaradıcılığa, ədəbiyyat, mədəniyyət və incəsənət sahəsinə böyük maraq göstərmişəm.

Dramaturq, yazıçı, tərcüməçi və digər bir sıra sahələrdə fəaliyyətlərim yüksək qiymətləndirilib. Hazırda Serbiyanın Milli Teatrına rəhbərlik edirəm.

– Bu, sizin ölkəmizə birinci səfərinizdir?

– Bəli. Azərbaycanı, Bakı şəhərini görmək ən böyük arzularımdan biri idi. Çox şadam ki, bu arzum baş tutdu.

– Azərbaycan və xalqımız barədə fikirlərinizi bilmək həm bizim, həm də oxucularımız üçün maraqlı olar…

– Ölkəniz və xalqınız barədə çox oxumuşam, çox eşitmişəm. Hətta, Bakı şəhərinə gəlməmişdən əvvəl internet vasitəsilə respublikanız barədə ətraflı məlumatlar oxudum. Azərbaycan çox gözəl ölkədir. Paytaxt Bakı şəhəri də çox gözəl şəhərdir. Azərbaycanlılar çox qonaqpərvər və mehribandırlar. Ölkənizi və xalqınızı yaxından tanıdım və çox sevdim.

– Bakı şəhərində tarixi abidələr, gəzməli yerlər çoxdur. Məsələn, İçərişəhər, Dənizkənarı Milli Park, Qız qalası, Atəşgah məbədi və sair. Siz adlarını çəkdiyimiz abidələri görməyi, gəzməli yerləri gəzməyi planlaşdırırsınızmı? 
– Bildiyiniz kimi, Bakı şəhərinə Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün gəlmişəm. Konfrans iki gün ərzində və uzunmüddətli keçirildiyi üçün orada iştirak etmək məni çox yordu. Ona görə də istirahətə ehtiyacım çox oldu. Bundan əlavə,  ölkəmə qayıdacağım üçün tarixi abidələri görməyə imkanım yoxdur. Ancaq paytaxtınızın bəzi yerlərini gəzdim, çox şeylər gördüm və bəyəndim. Bakı mənim üçün maraqlı bir şəhər oldu. Onu da əlavə edim ki, Bakıda olduğum müddətdə bir sıra milli musiqi alətləri ilə tanış oldum. Ən çox sevdiyim musiqi alətləri isə saz və tar oldu.

– Gəlin Azərbaycan teatrı barədə danışaq. Bizim mili teatrımız barədə düşüncələriniz nələrdir?

– Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, Azərbaycan Milli Teatrı inkişaf etmiş teatrlardan biridir. Keçmiş SSRİ dövründən fərqli olaraq, Azərbaycan uzun illərdir müstəqildir. Ölkənizin teatrı da müstəqil olduğu üçün milliliyə can atır. Teatrlarda yerli və əcnəbi pyeslərin səhnələşdirilməsi, səhnəyə qoyulması, maraqlı tamaşaların göstərilməsi çox xoşagələndir. Azərbaycan teatrının perspektivli gələcəyi var.

– Azərbaycanın hansı aktyor və aktrisalarını tanıyırsınız?

– Təəssüf ki, heç birini. Çünki Azərbaycan tamaşaların izləmək imkanım olmayıb.

Sizcə, Azərbaycan və Serbiya Milli Teatrları “qardaş, dost teatr” ola bilərmi?

– Maraqlı sualdır. Təbii ki, belə bir təklifin reallaşdırılması hər iki ölkənin xeyrinə olar və teatrlarımızın gələcək inkişafına təkan verər. Düşünürəm ki, Azərbaycan Milli Teatrı ilə əməkdaşlığı genişləndirmək, əlaqələri möhkəmləndirmək üçün səylərimizi davam etdirəcəyik. Azərbaycan tərəfinin də eyni addımları atacağına inanıram.

Bəzi ölkələr Azərbaycanda müxtəlif tədbirlər keçirirlər. Bakı şəhərində “Serbiyanın Milli Teatr Günləri”nin təşkil edilməsi mümkündürmü?

– Bu cür tədbirlərin təşkili asan məsələ deyil. Bu məsələni ciddi müzakirə etmək və konkret qərarlar qəbul etmək lazımdır. Bizim gündəmimizdə “Serbiyanın Milli Teatr Günləri”nin Bakı şəhərində təşkili məsələsi yoxdur. Ola bilsin ki, gələcəkdə bu barədə düşünmək lazım gələcək.

Anar

Gununsesi.info