Ombudsman Aparatının əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

  • By admin
  • 23 Oktyabr 2017 15:38

22539726_1549039368488426_1995467291738851791_n

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illiyi ilə əlaqədar beynəlxalq elmi-praktik konfrans keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, aidiyyəti dövlət qurumlarının, ölkəmizin ali təhsil müəssisələrinin və Vilnus Universitetinin nümayəndələrinin, həmçinin Litva və Moldovadan olan ekspertlərin və başqalarının qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak edib.

Konfransda Azərbaycanın və xarici ölkələrin ali məktəblərini təmsil edən alimlər, habelə Mərkəzin ayrı-ayrı dissertantlarının və digərlərinin çıxışları dinlənilmiş, müzakirələr aparılıb.

M.Mahmudov tədbirdə çıxış edərək konfrans iştirakçılarını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın adından salamlamış və onun səmimi təbriklərini çatdırıb.

Qeyd olunmuşdur ki, Ombudsman təsisatı ilə nazirlik, eyni zamanda onun tabeliyində olan müəssisələr, o cümlədən adıçəkilən mərkəzlə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.

Daha sonra Azərbaycan Respublikasında əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, bu istiqamətdə mütəxəssislərin ixtisasının arıtırılması sahəsində səmərəli fəaliyyətinə görə və 20 illik yubileyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Ombudsman tərəfindən Fəxri Fərmanla təltif edildiyi bildirilmiş, həmin sənəd Mərkəzin direktoruna təqdim edilib.

Konfrans səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.

Gülnaz Qənbərli

Gununsesi.info