Ombudsmanın aparat rəhbəri BMT-nin sessiyasında iştirak edib

  • By admin
  • 25 Oktyabr 2016 16:25

ombudsman

Bu il oktyabrın  17-dən  noyabrın 4-dək Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası keçirilir.  Bu sessiya çərçivəsində oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası çərçivəsində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın həyata keçirilməsinə dair Azərbaycan Respublikasının dördüncü dövri hesabatına baxılıb.

Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Belə ki, BMT-nin İnsan Hüquqları üzrə Komitəsində dövlətlərin məruzəsinə baxılması qaydalarına müvafiq olaraq Paris prinsiplərinə müvafiq A statusu ilə akreditasiya olunmuş Milli İnsan Hüquqları İnstitutları da təmsil etdikləri dövlətin müvafiq konvensiya üzrə məruzəsi dinlənilərkən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın implementasiyası ilə bağlı çıxış etmək hüququna malikdirlər.

Qeyd edək ki,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın Mülki və Siyasi Hüquqlar haqqında  Beynəlxalq Paktın implementasiyası ilə bağlı paralel hesabatı BMT-nin İnsan Hüquqları üzrə Komitəsinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı həmin sessiyanın açılış günündə, bilavasitə Milli İnsan Hüquqları İnstitutlarının dəvət olunduğu tədbirdə iştirak edib.

Bununla əlaqədar 17 oktyabr 2016-cı il tarixdə Milli İnsan Hüquqları İnstitutlarına ayrılmış vaxt çərçivəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş hüquqların təmini və müdafiəsi sahəsində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Ombudsmanın bu sahədə fəaliyyəti və tövsiyələri barədə geniş məlumat vermişdir.

Belə ki, çıxışda Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2 və 14-cü maddələrində təsbit olunmuş hüquqların daha səmərəli implementasiyası məqsədilə cinayət qanunvericiliyinə müvafiq əlavələrin edilməsi ilə bağlı təkliflər, 3-cü maddədən irəli gələn öhdəliklərin icrası məqsədilə Müvəkkilin gender bərabərliyinin təmini və qadın hüquqlarının müdafiəsi məqsədilə irəli sürdüyü təkliflər,  4 və 5-ci maddələrin icrası ilə bağlı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində Azərbaycan dövləti tərəfindən görülən işlər, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olduğu, Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və hər hansı ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi, 7 və 10-cu maddələrdə təsbit olunmuş hüquqların təmini baxımından ölkədə həyata keçirilən islahatlar, Ombudsmanın “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində fəaliyyəti və tövsiyələri, 9 və 26-cı maddələrin implementasiyası sahəsində dövlət tərəfindən tətbiq edilən müsbət təcrübə və Müvəkkilin bu sahədə təklifləri, 18 və 27-ci maddələrində təsbit olunmuş hüquqların təmininə münbit şəraitin yaradılması, respublikamızda multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrilməsi, dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığı, Ombudsmanın bu sahədə fəaliyyəti və tövsiyələri, beynəlxalq və ikitərəfli əlaqələri, 19-cu maddənin icrası məqsədilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafı sahəsində görülən işlər və fikir və söz azadlığı, informasiya əldə etmək hüququnun təmini sahəsində Ombudsmanın fəaliyyəti, 24-cü maddədə təsbit olunmuş öhdəliklərə müvafiq olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, qəbul olunan proqram və strategiyalar, o cümlədən Azərbaycan ombudsmanı tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət geniş məlumat verilib.

O, çıxışında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın implementasiyası sahəsində görülən işlər, BMT Mexanizmləri və Müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələr, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birlikdə ölkənin regionlarında keçirilmiş və “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, BMT-nin İnsan Hüquqları mexanizmləri, Azərbaycan – BMT əməkdaşlığı və BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi” mövzularına həsr olunmuş təlimlər barədə məlumat verib.

A.Səfixanlı tərəfindən həmçinin BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin üzvləri tərəfindən ölkədə insan hüquqlarının təmini sahəsində aparılan islahatlar və Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti ilə bağlı verilən suallar cavablandırılıb.

Azərbaycan Ombudsmanının BMT-nin İnsan Hüquqları üzrə Komitəsinə təqdim etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın implementasiyası ilə paralel hesabatı BMT-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Gülnaz Qənbərli

Gununsesi.info