“Online mediaya 1 milyon manat ayrılmalı, informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 22 Noyabr 2017 16:32

“Adambaşına düşən informasiya xərci Türkiyədə 50, Rusiyada 40, Qazaxıstanda 35 dollardır. Azərbaycanda isə bu rəqəm çox aşağıdır. Biz buna əhəmiyyətli dərəcədə vəsait artırmalıyıq”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentdə deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, eyni zamanda, online mediaya vəsaitin ayrılmasını təklif edərək deyib ki, bu gün dünyada yürüdülən anti-Azərbaycan kampaniyasına layiqli cavab verən online mediadır: “Onun maliyyə vəziyyəti ağır olduğundan ciddi problemlərlə üzləşir. Hökumətə təklif edirəm ki, heç olmasa 1 milyon manat vəsait ayrılsın. Bu vəsaitin qısa zamanda effektini görə bilərik”.

Deputat həmçinin, informasiya ombudsmanının ayrıca bir qurum kimi fəaliyyət göstərməsini də təklif edib: “Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.

Mürtəza

Gununsesi.info