Onun davranışını həyat tərzinə çevirmək – XİLAS YOLUMUZDUR

  • By admin
  • 06 Dekabr 2017 10:30

Sonuncu və ən kamil din – İslamın təsis olunduğu və Həzrət Muhəmmədin (s) peyğəmbərliklə görəvləndiyi Məbəs bayramınız mübarək, əziz müsəlmanlar!

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (“Ali-İmran”, 164).

Rəcəb ayının 27-si İslam aləmində çox gözəl və mübarək günlərdən biri – Həzrət Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və onun peyğəmbərlik libası geyindiyi gündür. Ömrünün 40-cı ili Uca Yaradan vəhy mələyi vasitəsiylə Həzrət Muhəmmədi (s) Quran kimi möcüzəvi və ən kamil bir kitabla silahlandırdı, nümunəvi əxlaqa bürüyüb, bəşəri hidayət etməklə görəvləndirdi.

Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanlar küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah Təala peyğəmbərlərdən (ə) heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı…”. (“Nəhcul-Bəlağə”)

Həzrət Muhəmməd (s) Hira mağarasında Allahla razu-niyaz (ibadət) etdiyi zaman “Oxu səni yaradan Rəbbin adıyla” kəlməsini eşitdi. Bu İlahi səda insan övladının eşidə biləcəyi ən gözəl səs və tapşırıq idi. Yer üzü bu kəlmədən daha gözəlini eşitməyib. Çünki məhz “Oxu” kəlməsi bəşərin xilasının və dünyada ən kamil sivilizasiyanın əsasını qoydu. Besət həm də yeni bir xilaskar mədəniyyətin təsis olunduğu gün idi. Elə dünyanın özü böyda ağır və məsuliyyətli vəzifəni çiyinlərinə götürən Həzrət Muhəmmədə (s) dünyanın ziddiyyətli və dolaşıq yollarını getməkdə sevimli həyat yoldaşı Həzrəti Xədicə (s.ə) ilk yardım etdi. Bəlkə də “Hər bir müvəffəq kişinin arxasında ağıllı qadın dayanır” ifadəsi həmin məntiqdən yaranıb. Hər həs, hətta yaxın qan qohumları Həzrət Muhəmmədi (s) tərk edəndə, həyat yoldaşı bütün varlığı ilə onun yanında oldu, onunla eyni cığırları addımlamağa razılığını elan elədi. Bax, o müqəddəs qədəmlər İslamı gözəlləşdirdi.

Uzun illər küfr sədaları dolaşdığı Məkkənin küçələrində “Lə iləhə illəllah” (“Allahdan başqa ibadətə layiq məbud yoxdur”) kəlamı yüksəldi. Bu kəlam insanları nicata səsləyirdi, hidayət yolunun əsası idi. Müxtəlif əqidədə, müxtəlif mədəniyyət və yaşam tərzinə sahib olan xalqları birləşdirə bilən simvol idi. İllərlə düşmənçilik edən tayfalar məhz bu kəlamın ətrafında bir-birinin əlini sıxa bildi. Bu kəlamın qoxusu mehribanlıq və səmimiyyət yaratdı, bu kəlamın hənirtisi insanların qəlbində iman toxumu səpdi və bu kəlamın züm-züməsi əbədi fəthləri gerçəkləşdirdi. Bu kəlamı ilk günlərdə barmaq sayı qədər insan qəbul etsə də, indi dünya insanının dörddə biri “Lə iləhə illəllah” nurunun ətrafına toplaşıb.

Besət hadisəsi təkcə tarixdə baş verən olay deyil. Onun möhtəşəm hayqırtısı hər gün doğan günəşlə daha təntənəli təzahür edir. Bu hadisənin əsas fəlsəfəsi dua və rəhmət olduğu üçün, Həzrət Muhəmməd (s) özünə qarşı bütün təzyiq və təhdidləri məhz bağışlamaqla, Allahdan hidayət istəməklə cavablandırırdı.

Həzrət Muhəmmədin (s) insanlara olan sevgisi, mərhəmət dolu davranışı günümüzə qədər gəlib və Qiyamətə qədər davam edəcək. Onu görmədən, səsini eşitmədən, müasiri olmadan sevmək, kəlamları ilə yaşamaq, davranışını həyat tərzinə çevirmək – xilas yolumuzdur. Bax, budur o Həzrətin (s) böyüklüyü. Allah bizə bu günü bəxş etməklə heç bir şeylə qarşılığını ödəyə bilməyəcəyimiz yaxşılıq edib, bizə minnət qoyub. Bu yaxşılığın qarşısında isə bizdən ədalətli olmağımızı, bir-birimizə yardım etməyimizi, kiminsə haqqını yeməməyimizi, başqasının olanına göz dikməməyimizi tapşırır.

Həzrət Muhəmmədin (s) sevgisi daşlaşmış qəlbləri gülüstana çevirməyə qadirdir. Yetər ki, o sevgiyə sarılasan. Biz onu görmədən sevdik. Ona layiq ümmət olmasaq da, qəlbimizdə onun eşqini yaşatmağa çalışırıq. Biz onun paklığını, səmimiliyini, yetimlərə göstərdiyi nəvazişini, dərdlinin yanında olmasını, kasıbın süfrəsində əyləşdiyi halda, varlını məhz əməlinə görə dəyərləndirdiyini sevdik.

Səni zikr eləmək bahar olur, harda sülh, səmimiyyət, sevgi varsa, sənin ətrin duyulur, ya Rəsulullah (s)!

Şəbnəm Rəhimova

Gununsesi.info