Pakistan komandanı ölkəmizə səfər edib - SİLAH MÜQAVİLƏSİ BAĞLANA BİLƏR

  • By admin
  • 22 Sentyabr 2017 09:36

e7bbb392360112d37c9966e14335b68d

Elxan Şahinoğlu: “Azərbaycanın Pakistandan modern silahlar alacağını istisna etmirəm”

Azərbaycanın yeganə nüvə müttəfiqi olan dostu Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Aman sentyabrın 19-da Bakıya gəlib. Onun ölkəmizə səfəri bir çox müzakirələrə səbəb olmaqla yanaşı, Ermənistanda da xof yaradıb.

Ekspertlər bu səfərin Azərbaycanla Pakistan arasında hərbi əlaqələri daha genişləndirəcəyini, ölkəmiz adına müsbət nəticələr verəcəyini vurğulayırlar. Xüsusilə ABŞ ordusu tipində ordu quran bir dövlətin Azərbaycanla əlaqələrə önəm verməsi, ərazi bütövlüyümüzün təmin edilməsi üçün daim yanımızda olması düşmənlərə göz dağı verir. Təcavüzkar Ermənistan və onun himayədarlarının narahatlığı göz önündədir. Pakistanla hərbi və digər sahələrdəki yaxın əlaqələrin rəsmi Bakının ancaq xeyrinə olduğu qeyd edilir. Süheyl Amanın səfərində isə əsas məqsədin hərbi sahədəki əməkdaşlığı daha da yaxınlaşdırmaq olduğu bildirilir. Eyni zamanda Azərbaycanın Pakistandan yeni silahlar almaq niyyətində olduğu, səfər çərçivəsində bu məsələnin də müzakirə edildiyi ehtimal olunur.

Politoloq Elxan Şahinoğlu Pakistanın Azərbaycan üçün Türkiyə qədər əhəmiyyətli olduğunu düşünür: “Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin xeyrinədir. Pakistan Azərbaycan üçün Türkiyə qədər vacib ölkədir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Ən ağır zamanlarda Pakistan Azərbaycana kredit xətti açıb. Ən başlıcası, işğal faktına görə Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu ölkə istənilən beynəlxalq tədbirdə Ermənistanın işğal siyasətini pisləyir. Azərbaycan da Pakistanın problemlərinə biganə deyil. Heydər Əliyev Fondunun xətti ilə Pakistanda zəlzələdən əziyyət çəkən bölgələrdə məktəblər inşa olunub, dərs vəsaitləri və humanitar yardım çatdırılıb”.

Politoloq yaxın zamanlarda Azərbaycanın yeni silahlar alacağını da istisna etmir: “Pakistanın silah bazarı Azərbaycan üçün açıqdır. Odur ki, yaxın zamanlarda Azərbaycanın Pakistandan modern silahlar alacağını istisna etmirəm. Pakistan müharibə vəziyyətində olan ölkədir, üstəgəl, terrorçularla mübarizə aparır. Bu mənada Pakistanın bu təcrübəsi bizim üçün yararlıdır. Düşünürəm ki, Pakistan və Azərbaycan hərbçilərinin qarşılıqlı səfərləri silah alışına dair müqavilənin imzalanmasını sürətləndirəcək. Məsələn, ötən il Zakir Həsənov Çexiyaya səfər edərək bu ölkənin hərbi-sənaye kompleksinə aid bir neçə müəssisəsində oldu. Üstündən bir il keçdikdən sonra Azərbaycan Çexiyadan müasir hərbi-texnika aldı. Azərbaycanla Pakistan arasında hərbi əlaqələrin və qarşılıqlı səfərlərin hərbi texnikanın alınacağı ilə nəticələnəcəyini proqnozlaşdırıram”.

Gununsesi.info