Poçt işçiləri günündə Novruzəliyə məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 09 Oktyabr 2017 17:18

leman

Salam əziz Novruzəli. Salamdan sonra biz sağ və salamatıq. Sənin də ruhunun o dünyada sağ və salamat, şad və xürrəm olmağını o bir Allahdan arzu edirik. İtqapan kəndinin bəndeyi-fəqiri! Ruhunu niyə narahat etməyimin səbəbini bilmək istəsən çox sadə. Bu gün Azərbaycanda Poçt işçiləri Günüdür. Hərçənd əlimdə ixtiyarım olsaydı, mən bu günü sənin adınla bağlayar və təqvimi bir ay geriyə çəkərdim. Yəni, noyabrın 12-nə.

O tarixə ki, sən bir ulaq yükü sovqatla gəlmişdin Vəli xanın evinə və heç çuvalları boşaltmağa, ulağın başına torba keçirtməyə macal tapmamış Xan əlinə bir kağız verib göndərmişdi səni poçtxanaya. Tapşırmışdı ki, irəvanlı dostu Cəfər ağaya yazdığı məktubu aparıb atasan qutuya və təcili qayıdasan geri. Sən də getməyinə getmişdin, amma nə etmək gərək olduğunu bilməmişdin. Sonra bir də baxmışdın ki, budur, bir erməni uşağı əlindəki kağızı gətirib saldı qutuya çıxdı getdi. Sonra bir urus arvadı yavıqlaşdı qutuya, qutunun qapağını qovzadı, məktubu içəri saldı, qapağı yatırtdı, getdi. Yalnız bundan sonra sən ürəklənib və “bismillah” deyib xanın məktubunu qutuya salmışdın. Çıxıb getmək istəyərkən, Allah bəlasını vermiş urus gəlib qutudan məktubları çıxarmışdı ki, aparsın, sən ona əngəl olmaq istəmişdin. Elə zənn etmişdin ki, hərif məktubları oğurlayır. Yapışmışdın qolundan və demişdin ki, bəyəm sizin şəriətdə oğurluq günah yazılmayıb? Urus dirəniş göstərincə bir də belə demişdin: ”Hələ Novruzəli ölməyib ki, onun ağasının məktubunu aparasan. Ver mənim ağamın məktubunu”. Yalvar-yapışın heç bir fayda verməmişdi. Onda hirs vurmuşdu təpənə, ikiəlli hərifin yaxasından yapışıb üzüüstə elə gətirmişdin yerə ki, aşnanın ağzı qanamışdı. Və..nəçərnik divanxanasının soldatları tökülüşüb döyə-döyə səni aparıb atmışdılar dama. Yaxşı deyiblər, əri ölən arvadı it də qapar. Səni- İtqapan kəndinin bu fağır, yarımcan sakinini “qulluqçunu bihörmət etdiyi üçün” ciddi cəzalandırmış. Ən sonda sənə 3 ay həbs kəsmişdilər. Onda Vəli xan artıq İrəvandaydı və bu xəbəri 3 ay sonra eşidəndə bir qədər fikir eləmişdi.

Hə, Novruzəli, indi həyatımızda çox şey dəyişib. Ən birincisi, İrəvan artıq bizim deyil. İndi Vəli xan irəvanlı dostu Cəfər ağaya istəsə də məktub yaza bilməz. Yazsa da belə, İrəvana göndərə bilməz. Çünki Cəfər ağa 30 ilə yaxındır ki, İrəvandan qaçaq düşüb. Niyə? O kafir urusa görə. Gərək o vaxtı sən onun ağız-burnunu əməlli-başlı qanadaydın. Onsuz da qazamata gedirdin-gedirdin, gərək öldürüb gedəydin o kafiri. Öldürmədin, onlar gəlib bizi öldürdülər. Sonra erməni havadarlarına dəstək verdilər və onlar da bütün torpaqlarımıza sahibləndilər. Onların “dənizdən dənizə böyük Ermənistan” adlı planları var, əziz Novruzəli! Sən savadsız adamsan, bunu anlamazsan. Amma bu günlərdə məlum oldu ki, bizim bəzi tarixçilərimiz də eynən sənin kimi novruzəlidirlər, ya bundan anlamır, ya da sadəcə düşmən dəyirmanına su tökürlər. Bilirsən onlar nə ediblər? Atalarımızın “çoxluq-p…luq” kəlamını işdə sübut ediblər. Adını tarixçi qoyan doqquz adam birləşib 10-cu sinif şagirdləri üçün bir kitab yazıblar. Kitabda “dənizdən dənizə Böyük Ermənistan”ın xəritəsini verməklə ermənilərin arzularına şam yandırıb, bizi isə yana-yana qoyublar.

Bəli, mən də gözləyirdim ki, mütləq bu sualları verəcəksən. Soruşacaqsan ki,əvvəla bir kitabı niyə 9 nəfər yazır? Axı hər ağızdan bir avaz gələndə məsuliyyəti də bölüşmək çətin olur. İkincisi, onlar yazıb-yazıb, bəs Təhsil Nazirliyi hara baxıb ki, bu dərslik nazirliyin qrifi ilə 7 min nüsxədə çap olunub? 7 min dərsliyə dövlət büdcəsindən xərclənən pul da, bu dərsliklərdən dolayı bizim xərclədiyimiz əsəb də bilirəm səni narahat edən sullardandır. Bir də soruşursan ki, Təhsil Nazirliyi vəziyyətdən necə çıxdı? Bəs kitab müəllifləri nə dedi? Hə, əziz Novruzəli, nə olsun ki, bisavadsan, sən ki bu sualları verə bilirsən, molodes sənə! Məsələ burasındadır ki, bu gün Azərbaycanda kitab yazmaq da, onu nəşr etdirmək də qazanc mənbəyinə və prestijə çevrilib. Və nə qədər ki, bu cür oyunlar oynanılacaq, belə rüsvayçılıqlar da davam edəcək.

Soruşursan ki, qazancı anladın, amma prestij nəmənədir anlamadın…Bu sözün səni qazamata salan pristavla yaxından-uzaqdan əlaqəsini soruşursan. Heç bir əlaqəsi yoxdur. Pristav pristavdır, pristij isə..Əşi, nəyinə lazımdır axı bu sənin? Bu, iki eşşəyin arpasını bölə bilməyənlərə lazımdır, sən isə öz ulağının arpasını əla bölürdün. Çoçi-çoçi edirdin, keçirirdin torbanı ulağın başına, yeyirdi, heç sənə şıllaq da atmırdı. Amma indi Azərbaycanın çörəyini yeyib ona şıllaq atanlar bilirsən nə qədərdir? Hardan biləsən əziz Novruzəli? Sən haqq dünyada, onlar nahaq. De görüm haqq dediyin dünyada da nahaq işlər baş verirmi? Orda da varlılar və kasıblar adlı ikitirəlik varmı? Sən yenə də Vəli xana boğazından kəsib çuval dolu un, yumurta, toyuq-cücə daşıyırsanmı? “Xan, başına dönüm, ölüncə sənə qulam”deyirsənmi? Yoxsa, öldün, qurtardı getdi hər şey? Öz aramızdır, kasıb da olsan pis yaşamırdın ha. Məsələn, biz səndən pis yaşayırıq. Sən Vəli xana bir ulaq yükü yağ-bal gətirirdin, amma bu günün novruzəlisi dükandan 2 kq yağ oğurladığına görə saxlanılır.

Nə isə..Səni yormayım. Məktubu atdım poçt qutusuna. Nəyimiz də pis olsa, namxuda poçt xidmətimiz əladır. İnşallah yetişər.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info