Qərbi Azərbaycandan deportasiya olanlar bir araya gəldi

  • By admin
  • 19 Sentyabr 2016 11:28

deportasiya

“Azərbaycan xalqı bu beynəlxalq cinayətlə zaman-zaman üz-üzə qalıb. Erməni təcavüzkarları  tərəfindən öz doğma dədə-baba yurdundan qovulan, torpaqları işğal edilən millətimiz deportasiyaya məruz qalıb, hüquqları kobud şəkidə pozulub. Acınacaqlı haldır ki, indiyədək  bu deportasiyalara beynəlxalq qurumlar tərəfindən heç bir hüquqi qiymət verilməyib. Bizim, hərəkat olaraq, əsas məqsədlərimizdən biri də  deportasiyaya məruz qalan Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını müdafiə etmək və bunun beynəlxalq müstəvidə həllinə nail olmağa çalışmaqdır”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu  “İrəvan – 2018” Hərəkatının Qərbi Azərbaycandan deportasiyalarla bağlı “Ermənistanın etnik təmizləmə və deportasiya siyasəti, beynəlxalq hüquq kontekstində” mövzusunda keçirdiyi dəyirmi masada belə deyib.

 Z. Qəriboğlu daha sonra bildirib ki, bu gün dünyada deportasiyalar beynəlxalq cinayət kimi qəbul olunur.

 “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov və AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev mövzu ətrafında diskussiya açıblar.

 BİRA-nın və “İrəvan-2018” Hərəkatının sədr müavini Oktay Hacımusalı qeyd edib ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə ikili standartlarla yanaşması bütün sahələrdə özünü göstərir: “Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurd-yuvalarından sonuncu deportasiya faktından 20 il ötməsinə baxmayaraq, hələ də bu hadisəyə hüquqi qiymətin verilməməsinin özü də elə bu ikili standartın bariz nümunəsidir. “İrəvan – 2018” Hərəkatı, məhz, bu ikili standartlar çərçivəsində fəaliyyət göstərən beynəlxalq qurumlar qarşısında hüquqi aspektdən sonuna qədər mübarizə apararaq, həmin soydaşlarımızın hüquqlarını bərpa edəcək”.

Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində “İrəvan-2018” Hərəkatına öz dəyərli tövsiyələrini verən Səməd Vəkilov isə qeyd edib ki,  bu gün vətən naminə fəaliyyət göstərən hər bir QHT hərəkata dəstək olmalıdır: “Hüquqi baxımdan deportasiyalara qiymət verərkən, müxtəlif nüansları diqqətə almaq lazımdır: “Belə ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın mülkiyyət və vətəndaşlıq hüquqları defakto bərpa edilməlidir. Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət edilməli və lazım sənədlər toplanaraq, həmin müraciətlərin sayı artırılmalıdır. Bu istiqamətdə istər şəxsim, istərsə, təşkilatım adından hər cürə dəstəyi verə biləcəyimi bəyan edirəm”-, deyə o qeyd edib.

AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev çıxışında məsələnin beynəlxalq hüquq müstəvisində bir predmet kimi həlli yollarına toxunub: “Təbii ki, bayaq çıxışçıların da qeyd etdiyi kimi bu yöndə ikili standartlar mövcuddur. Amma bu, heç də o demək deyil ki, bizlər yerimizdə sakit oturmalıyıq. İndiyədək bu haqda danışanların böyük əksəriyyəti məsələyə sırf folklor janrında yanaşıblar. Bəzən isə daha insaflı elm adamları hadisələrə tarixi aspektdən yanaşıblar ki, bu da əslində, deportasiya faktının tam həll edilməsi üçün kifayət etmir. Bu yöndə hüquqşünaslar birgə fəaliyyət göstərməli, məsələyə hüquqi qiymət verilməsi istiqamətində toplanan sənədləri incələyib, öz səylərini əsirgəməməlidirlər. Bu çox sevindirici haldır ki, məhz, “İrəvan – 2018” Hərəkatı bu yöndə ilk addım atıb”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info