“Qadınlara qarşı zorakılıq…” -Deputat Avroparlamentin üzvlərini zorakılıqla mübarizəni milli səviyyələrdə aparmağa çağırdı

  • By admin
  • 28 Mart 2017 09:24

sahiba-avropar

Avropa Parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər komitəsi qadın hüquqları və gender bərabərliyi komitəsi ilə birgə “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının İstanbul Konvensiyasına Avropa İttifaqının qoşulması” mövzusunda dinləmələr keçirib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova tədbirdə əsas məruzəçilər siyahısında çıxış edib.

Avropa Şurasının 47 üzv ölkəsinin nümayəndələrini birləşdirən parlament şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən S.Qafarova qurumun Parlamentlərarası İttifaq və BMT-nin Qadınlar Təşkilatı ilə əlaqələrinin genişləndiyini vurğulayıb.

Avropa Parlamentinin Avropa İttifaqını İstanbul Konvensiyasına qoşulmağa çağıran müvafiq qətnaməsini xatırladan S.Qafarova Avropa Komissiyasının 2017-ci ilin qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilməsi haqqında qərarını alqışlayıb. Bildirib ki, 2014-cü ildə qüvvəyə minmiş İstanbul Konvensiyası qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və diskriminasiya kimi göstərib. O, bu istiqamətdə aparılan mübarizədə parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunu diqqətə çatdırıb.

S.Qafarova Avropa Parlamentinin üzvlərini qadınlara qarşı zorakılıqla mübarizəni milli səviyyələrdə aparmağa çağırıb.

Sonda qaldırılmış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info