Təhsil Nazirliyi: “Diplomların ləğvi müzakirə olunmur”

  • By admin
  • 18 Yanvar 2017 18:00

cesaret

Azərbaycanda fəaliyyəti dayandırılan universitetlərin sırasına Qafqaz Universiteti də əlavə olundu. Yanvarın 18-də Qafqaz Universitetinin fəaliyyətini rəsmən dayandırması ilə bağlı universitetin təsisçisi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən etibarən dayandırılıb.

Gununsesi.info Qafqaz Universitetinin fəaliyyətini dayandırılması ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət edib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov həmin sorğunu cavablandırıb:

“Qafqaz Universiteti daxil orta ixtisas müəssisələrində qış imtahan sessiyası başlayıb. Məhz, Qafqaz Universitetində qış imtahan sessiyası öz normal axarında, fasiləsiz olaraq davam etdirilir. Tələbələr cədvəldə nəzərdə tutlmuş qaydada imtahan verirlər. Burada qış imtahan sessiyasının dayandırılmasından söhbət belə gedə bilməz. Eyni zamanda, Qafqaz Universitetində təhsil alan tələbələrin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq. Artıq Təhsil Nazirliyini bununla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi Qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır”-, deyə C. Valehov bildirib.

C.Valehov həmçinin qeyd edib ki, Qafqaz Universitetində təhsil alan tələbələrin hüquqlarının qorunması, onlar üçün optimal tədris mühitinin yaradılması bizim üçü çox vacibdir: “Hazırda Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına əsas yoxdur. Qış imtahan sessiyası başa çatdıqdan sonra Təhsil Nazirliyi İşçi Qrupu tərəfindən universitetdə təhsil alan tələbələr və onların valideyinləri ilə bilavəsitə söhbətlərdə də bu öz yerini tapacaqdır”.

Qafqaz Universitetində təhsil almış məzunların diplomları ilə bağlı sorğunu cavablandıran nazirliyin sözçüsü bildirib qeyd edib ki, bu sahədə hər hansı problemin olacağını düşünmürəm: “Çünki bu məsələ, yəni Qafqaz Universitetində təhsil almış məzunların diplomlarının ləğv edilməsi müzakirə olunmur. Hazırda bu məsələ müzakirə predmenti deyil. Düşünürəm ki, Qafqaz Universitetinin məzunlarının işlə təminatında hər hansı problem yaranmayacaq. Çünki əmək bazarı bilikli və bacarıqlı məzunları işə qubul olunması üçün açıqdır. Təbii ki, bunlar işə götürənlərin səlahiyyətindədir”.

Sözügedən universitetdə çalışan müəllimlərin gələcək taleyinə gəlincə, Qafqaz Universitetinin müraciəti və təhsil prosesinin bötüvlüyünün qorunması prinsipini əsas götürərək, Təhsil Nazirliyi imkanlar çərçivəsində bu məsələnin də həll olumasın çalışacaq”-, deyə o bildirib.

Anar

Gununsesi.info