Qazımızı niyə kəsirlər - EKSPERT RƏYİ

  • By admin
  • 23 Fevral 2017 16:00

saban

Soyuq havalar qapımızı döyəndən bəri respublika üzrə təbii qazın verilişində böhran yaşanmaqdadır. Demək olar ki, hər gün  bir neçə rayon və şəhərdə mənzillərə qazın verilişində fasilələr yaranıb.  Məsələn, iki gündür ölkənin Sumqayıt, Gəncə və Bakının bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər yaşanır.

SOCAR isə bütün bu fasilələri təmir-tikinti işləri ilə bağlayır. Lakin sosial mediada Azərbaycanda qaz qıtlığının yaşanması ilə bağlı ehtimallar irəli sürürlər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya şərhində qazla bağlı yaranmış böhrana aydınlıq gətirməyə çalışdı.

Ekspert yaranmış böhranı  izah etməkdə çətinlik çəkdiyini söyləyir: “Oktyabr ayından başlayaraq həm paytaxtda, həm də regionlarda tez-tez qaz kəsilir  və bunun səbəbləri məlum deyil. Ona görə də, insanlar arasında ölkədə qaz qıtlığı ilə bağlı şübhələr yaranıb.

Əvvəllər elektirk enerjisində belə problem tez-tez yaşanardı. Şahmat formasında elektrik enerjisini kəsirdilər. İndi isə eyni vəziyyət qazla bağlı yaşanr”.

Onun sözlərinə görə, statistikaya inansaq əmtəəlik qazı ödəmək üçün ehtiyatlarda qıtlıq yaşanmır: “Doğrudur, bu ilin yanvar ayında qaz ehtiyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 milyon m3 azalıb. Amma bu, elə də ciddi bir azalma deyil.

Azərbaycanda 2016-cı ildə daxili bazarda 10.4 milyard  m3 qaz istehlak olunub. Ən böyük istehlakçı energetiklərdir- təqribən onun 5 milyard m3-nu. Əhali kateqoriyası isə 3 milyard m3 istehlak edir. Amma bir məqam var. Əgər ölkə daxilində qaz tədarükü ilə bağlı problem yaşanarsa, “Azerenerji” mazutdan istifadə edə bilər.  Deməli, mazutdan istifadə etməklə balansı yatarmaq olur.  Əgər mazut ehtiyatı varsa və istehsalı artıbsa, niyə əhali qrupu üzrə qaz tədarükündə problem yaşanmalıdır”.

Vüsalə Rüstəmova

Gununsesi.info