Qıjı və qıjıkimilər - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 27 Oktyabr 2017 15:06

Kəndimizdə Məhrəm adında bir kişi vardı. Kənddə hamı ona Qıjı Məhrəm deyirdi. Danışırlar ki, Məhrəm dayı əsgərlikdənmi, yoxsa İkinci Dünya Müharibəsindənmi qayıdıb gələndə yerə-göyə sığmırmış. Özünü kənd camaatından üstün tutur, sanki heç nəyi tanımır, guya öz dilində çətin danışır, nə görürsə eto çto takoye? A eto çto? deyirmiş. Bizim kəndə bələd olanlar bilir ki, meşələrimiz başdan-başa qıjılıqdı. Xüsusilə ayıdöşəyi cinsinə aid olan iynəcikli qıjılar kəndə ən yaxın məsafədə göz oxşayır. (Bunu qıjıkimilər fəsiləsi haqda oxuyanda bilmişəm ha. Vikipediyadakı şəkillərdən, təsvirlərdən. Yoxsa bu sahə üzrə mütəxəssis deyiləm).

Uşaqlıqda Mollacənlik deyilən yerdə o qıjılığın içində qızlarla o qədər çiyələk axtarmışam ki! Pəhh, ətri hələ də burnumda, dadı hələ da damağımdadır. Nə isə, söhbətdən uzaqlaşmayaq…

Kənddə hamının nəzər-diqqəti Məhrəm dayının üzərində, hamının gözü onun ağzından çıxan sözdə olduğu bir vaxtda o özünə ömürlük ləqəb qazanan bir hərəkət edir. Qıjılığın yanından keçəndə adamın birindən soruşur ki, eto çto takoe? Hövsələdən çıxan adam daha dözə bilmir, qayıdır ki, a kopppolu, eto qıjı. Beləcə, Məhrəm dayının yaxasından ömürlük qıjı yarlığı asılır. Baxmayaraq ki, kənddə Məhrəm adında yeganə adam o idi, yenə də onun haqqında danışanda ayamasız danışmazdılar. Hardasan? Qıjı Məhrəmgilin doqqazında. Və yaxud Kİminləsən? Qıjı Məhrəmlə.

Bu yazını oxuyan kəndçilərim yəqin məni bağışlayar, Məhrəm dayı ilə bağlı “məhrəm bir sirri” yaydığım üçün. Amma bəzən deməmək olmur. Qıjı adamlar kimi qıjı sözlər də, qıjı fikirlər də, qıjı tərcümələr də var. Sərhəd Məfhumu komissiyasının (bu adı da mən özümdən quraşdırdım. Latıncadan terminus -sərhəd, loqos – məfhum deməkdir.) bizə sırımağa çalışdığı yeni sözlər də bu silsilədəndir. Deyirəm yaxşı ki, zamanında dilçilərimiz “vilka”ya çəngəl qarşılığını tapıb. Bəlkə də əksinə, çəngəl əvvəldən dilimizdə olub ki, özünü rusun “vilka”sına keçirtməyib. İstənilən halda bu günə qalsaydı, Terminologiya komissiyası “vilkaya “cırıq qaşıq” dan zaddan ad tapacaqdı, biz də qalacaqdıq o biri zadın qarşısında….dilemmanın.

Öz aramızdır, bu dilemma da dilimizdə çox işlənən sözdür. Bir də gördün dilçilərimiz ona da milli ad axtarışına çıxdılar və əndərabadi bir qarşılıq tapdılar. “Proqnoz”a “öncəgörmə”, mışkaya “bələdçi” qarşılığını tapdıqları kimi. “Öncəgörmə” ilə dostlarımız sosial şəbəkədə nəyi var məzələndilər. Haqları da var. Azərbaycanda qos-qocaman bir nazirliyin tabeliyindəki qurumun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun adı avtomatik olaraq gülünc bir vəziyyət alır. Eyni məntiqlə, “münəccim”, “falçı” ibarələrindən də asanlıqla bəhrələnib Milli Hidrometeorologiya Münəccimlər və ya Falçılar Bürosu deyə bilərik. Allah sizin üzünüzü güldürsün, əziz dilçilər. Dilinizi ha udmayıbsız, çıxın ortalığa və bir açıqlama verin lütfən. Deyin görək proqnozun qarşılığını tapırsızsa, onda bəs niyə hidrometeorologiyanı səsə salmırsız? Və yaxud, gözəlim “mışka”nın adını niyə “bələdçi” qoyursuz? Aydın məsələdir ki, bizi kompüterin hüdudsuz ənginliklərinə aparan ingilisin Mause-u, rusun mışkası, bizim də…. siçanımızdır. Qoyun elə adı da siçan olsun da! Guya biz ingilisdən də, rusdan da ağıllı olduq ki, bu andırın adını dəyişib bələdçi qoyuruq? Axı onu istədiyimiz səmtə yönəldən, ona komanda verən biz deyilikmi? Etiraf edirsizmi ki, o bizim arxamızca gedir, biz onun yox. Eləsə o hardan bələdçi oldu, ay pir olmuşlar? Eləcə də qarşılığını tapdığınız o biri uğursuz sözlər…evakuasiya, kserokopiya, konsensus-filan. Yəni düşünürsüz ki, bu məsələdə bizimlə konsensusa gələ biləcəksiz? Yox, bircə dəqiqə, qoy sizin təbirinizcə deyim. Bu məsələdə bizimlə yekdilliyə gələ biləcəksiz? Düşünürsüz ki, yəni bu sözlər dilimizdə vətəndaşlıq qazanacaq? Təcrübə göstərir ki, yox.

Məsələn, illər əvvəl Türkiyədə dil komissiyası stüardessaya “gök konuksal avrat”, avtobusa “oturqaçlı götürgeç” deyilməsini qəbul edibmiş. Amma nə oldu? Heç biri işləmədi. Bu gün Türkiyədə stüardessaya hostes, avtobusa otobüs deyirlər. Deməli dilə ən çox yatanı. O biri sözlər isə istənilən halda gülüşlə qarşılanır. Siz Allah, siz də bizi az güldürün. Düzdür, gülüş ömrü uzadır deyirlər. Amma sizin missiyanız ayrıdır axı?!. Siz bizim yox, sözlərimizin ömrünü uzatmalısız. Bunun üçün dövlət hətta sizə maaş da verir.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info