Qüdrət Həsənquliyev Azərbaycanda elektriklə işləyən AVTOMOBİL ZAVODUNUN YARADILMASINI TƏKLİF EDİB

  • By admin
  • 21 Noyabr 2017 16:56

“Azərbaycanda müharibə şəraiti davam edir. Sabah müharibə başlayarsa, hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazır olacaq. Lakin həmin hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqladı: “Lakin biz bilməliyik ki, neçə əlil və şəhid ailəsi ev növbəsindədir. Onların neçəsi evlə təmin olunacaq. Əgər bu barədə açıqlama verilsə, o zaman aydın mənzərə yaranacaq”.

Deputat əlavə edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır: “O qəzalı binalarda yaşayan insanların həyatları riskdədir. Allah insana nə qədər ömür verib ki? Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, hətta orada kişi ilə qadın eyni tualet növbəsində dayanır”.

Qüdrət Həsənquliyev həmçinin Naxçıvan, İran və Türkiyə ilə birgə yaradılacaq iqtisadi zona məsələsinə də diqqət çəkib. O qeyd edib ki, hələlik bu barədə bir məlumat yoxdur: “Buna aydınlıq gətirilsə yaxşı olardı”.

O, eyni zamandan Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib: “Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq Avropada yaxın gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.

Deputat həmçinin, dövlət televiziyasına və İctimai Televizayaya verilən reklamların özəl televizayalara verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını təklif edib.

O, eyni zamanda alternativ və bərpa olunan enerji agentliyinin ləğv edilərək Energetika Naziriliyinə birləşdirilməsini təklif edib.

Mürtəza

Gununsesi.info