Qüdsdən Qarabağın azadlığına gedən yol - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 15 İyun 2017 12:45

murteza bunyadli

“Qüds günü” ilk dəfə 1979-cu ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. Elə o vaxtdan başlayaraq müxtəlif müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir. Hər il olduğu kimi, bu il də dünya müsəlmanları “Qüds günü” ilə bağlı müxtəlif  elmi-praktik-konfranslar, toplantılar və aksiyalar keçiriləcək və artıq bu proses başlanıb. Bu toplantılarda Fələstinin içğaldan azad olunması ilə yanaşı, İslam coğrafiyasında baş verən konfliktlər də müzakirə olunacaq və bu konfliktlərin həllində İslam həmrəyiliyinin zəruriliyi gündəmə gətiriləcək.

Qüds İslam dinində müqəddəs və mübarək yer sayılır. Burada  müsəlmanların ilk qibləsi оlmuş Əqsa məscid yerləşir ki, bu da Allah- Təala üçün yer üzündə tikilmiş ikinci məscid kimi qəbul olunur. Bu məscid eyni zamanda İslam dinində müqəddəs sayılan məscidlər arasında 3-cü yerdədir. Bura İsra (Merac) ərazisi də adlanır. Bununla belə Fələstin Peyğəmbərlər Tоrpağı adını daşıyır. Çünki bir çоx peyğəmbərlər bu ərazidə dünyaya gəlmiş və burada da dəfn оlunublar. İslam dinində bu ərazi həm mənşər (Allahın insanları diriltdiyi yer), həm də məhşər (Qiyamət günündə insanların tоplandığı yer) yer hesab olunur.

Qüds müsəlmanlarla yanaşı xristian və yəhudilər üçün də müqəddəs məkan hesab olunur. Yəhudilər belə hesab edirlər ki, bura оnlara vəd оlunmuş yerdir, tarixləri, keçmişləri buradan başlayır və bu tоrpaqla bağlıdır. Fələstin onların peyğəmbərlərinin uyuduğu tоrpaqdır. Yəhudilərin müqəddəs hesab etdiyi bu yerlərin mərkəzi isə Qüds və Xəlil şəhərləridir. Xristianlar da Fələstini öz dinlərinin elan etdiyi yer sayırlar. Çünki İsa peyğmbər burada anadan olmuş və öz dəvətini burada aparıb.

Fələstinin işğalı, tarix və reallıq

Birinci dünya müharibəsinin sonuna yaxın Böyük Britaniya Fələstin ərazisini işğal edən zaman, burada yaşayan 500 minlik əhalinin ancaq 5%-ni yəhudilər təşkil edirdilər. İşğaldan sonra ingilislər yəhudilərin Fələstin torpaqlarına kütləvi köçürülməsinə şərait yaratdı. 30 il ərzində bu torpaqlara 500 mindən artıq yəhudi köçü təşkil edildi.1918-ci ildə Fələstində olan yəhudilərin sayı 55 min idisə, 1948-ci ildə bu göstərici 646 minə yəni, 8%-dən 31.7%-ə çatmış oldu.

Nəticədə 1947-ci ilin noyabrın 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxardı.

Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi. 1948-ci ilin mayın 14-də isə yəhudilər müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Yəhudi оrdusu tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də tutmağa nail оldu. Həmin ərazilərdə yaşayan 925 min fələstinlinin 800 min nəfərini didərgin salaraq, orada özləri məskunlaşdılar. Fələstinlilərin işğal faktı ilə razılaşmayaraq apardığı mübarizə hələ də öz müsbət nəticəsini vermir. Beynəlxaql aləm də baş verənlərə seyrci yanaşmaqdadır. BMT Fələstin probleminin həlli ilə bağlı 110-a yaxın sənəd qəbul etsə də, yəhudilər bu qərarları icra etməkdən imtina edir. İsrail BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsinə məhəl qoymayaraq, 60 ildən çoxdur ki, icra etməkdən imtina edir.

“Qüds günü”nün yaranmasını zəruri edən amil

Yaranmış vəziyyət Fələstinin və müqəddəs Qüdsün işğaldan azad olunması ideyası beynəlxalq müqaviməti hərəkatının yaranmasını zəruri etdi. Bu hərəkat 1979-cu ildə İranda İslam İnqilabı qələbə çaldıqdan sonra İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədi ilə “Qüds günü” keçirildi. Və bu hərəkəat qısa zaman ərzində digər müsəlman ölkələrini əhatə edərək  fələstinlilərə dəstək aksiyası keçirildi. Qüdsün işğaldan azad olunması təkcə fələstinlilərin deyil, bütün müsəlmanların bir vəzifə borcu oldu. Odur ki, hər il Ramazan ayının sonuncu Cümə günü  Büynəlxalq “Qüds günü” kimi qeyd olunur və Fələstin torpaqlarının işğaldan azad olunması tələb olunur.

“Qüds günü”- İslam coğrafiyasında  sülhə, əmin-amanlığa gedən yol…

Bu gün İslam coğrafiyasın nəzər saldıqda, bu coğrafiyanın bir alov içərisində olduğunu görmüş olarıq. Şimali Afrikadan, Yaxın Şərqdən tutmuş Uzaq Cənub Şəqri Asiyayadək uzanan İslam coğrafiyası alova bürünüb. Bax belə bir şəraitdə “Qüds günü”nün əhəmiyyəti daha ciddi önəm daşıyır.

“Qüds günü” həm də “Qarabağ günü”dür. Azərbaycanın işğal olunmuş  əraziləri olan “Şuşa”,“Ağdam”, “Qubadlı”, “Zəngilan”, “Kəlbəcər”, “Cəbrayıl”, “Fizuli”, “Laçın” günüdür. Azərbaycan torpaqlarının 20 faiz torpaqları 30 ilə yaxındır ki, ermənilər tərəfindən işğal olunub və BMT TŞ-nin, bütün beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan topraqlarının azad olunması üçün müxtəlif səviyyəli qərarlar, qətnamələr qəbul etməsinə baxmayaraq, günü bugünə kimi həmən sənədlərin icrası  yerinə yetirilmir. Və torpaqlarımız Fələstin torpaqları kimi işğal altında qalmaqda davam edir. Beynəlxalq aləm isə buna susur və seyrçi mövqe sərgiləyir. Beynəlxalq aləm  bu mövqeyi ilə işğalçıları işğalçılığa ruhlandırmaqla, işğal faktını möhkəmləndirməyə xidmət edirlər. Çünki zamanında Fələstində, Kəşmirdə  və digər müsəlman torpaqlarında baş verənlərə biganə yanaşıldığından, Qarabağ problemi baş qaldırdı. Qarabağ məsələsində də İslam dünyası vahid mövqe nümaiyə etdirə bilmədiyindən bu proses zəncirvari bir  hal aldı. Və indi bütün İslam aləmi alova bürünüb.

O baxımdan da “Qüds günü”, “Qarabağ günü” kimi yox Pakistanda “Kəşmir”, Çində “Uyğur müsəlmanları”, Yaxın Şərqəd Suriya və İraq günüdür. İslam dünyasında baş verən bu problemlərin, konflirkləri həlli isə ancaq İslam həmrəyliyi nəticəsində mümkün ola bilər.Ancaq İslam həmrəyliyi İslam coğrafiyasına sülh, əmin-amanlıq, sabitlik, inkişaf  gətirə bilər.

Bu problemlərdən qurtulmağımızın və nicatımızın  yeganə yolu varsa, o da, birlyimizdə,  həmrəyliyimizdədir.Çünki  İslam dünyasının hazırda üzləşdiyi vəziyyət bunu bizdən tələb edir. Əks təqdirdə İslam düşmənləri bizləri parçalamaqla, haqqımızı tapdalamaqla, bizi bir-birimizə qarşı qoymaqla boğacaqlar.

Elə son günlərdə İslam dünyasının Körfəz ölkələri coğrafiyasında baş verən proseslər bunun bariz göstəricisidir. Bu hadisə bir daha göstərdi ki, artıq İslamın düşmənləri müsəlmanları əzmək, özlərinə tabe etmək üçün daha mərkli planlara əl atırlar. Bu mərkli planla İslamı öz içindən parçalamaq və məhv etmək istəyirlər. Planlar  hər bir müsəlman ölkəsinin yerləşdiyi  coğrafi və yerli şəraitə uyğun formada həyata keçirilir. Bu planlar Azərbaycanda ermənilərin, Fələstində yəhudilərin, Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda müsəlmanları bir-birinə saldırmaqla, Çində isə başqa bir formada həyata keçirilir. Belə olan şəraitdə İslam dünyasını bir araya gətirən və vahid problemlərin həlli yollarını aramaq üçün bir günə ehtiyac var. Və o gün də  “Qüds günü” ola bilər və olmalıdır da. Bu gündə bütün İslam dünyası bir araya gəlib, səylərini ortaya qoymaqla həllinə nail ola bilər. Əks təqdirdə qarşıda bizi daha çətin imtahanlar və xoş olmayan günlər gözləyir. Ona görə də Qüds gününə təkcə Fələstinlə bağlı gün kimi yanaşmaq yox, bütün İslam dünyasının günü kimi  qəbul edib və  bu cür dərk etmək lazımdır. İslam ölkələri aralarındakı bütün umu-küsüləri kənara qoyaraq, İslam dünyasının gələcəyi naminə bir araya gəlməlidirlər.   Əgər umu-küsüləri kənara qoymağı bacaracağıqsa, qısa zamanda İslam dünyasında sülhün, əmin amanlığın və  sürətli inkişafın şahidi olacağıq.

Məzh İslam da bizdən bunu tələb edir. İslamın fəlsəfəsi və İslam məfkurəsi biz müsəlmanlardan bir-birmizə qardaş olmağı, dar günümüzdə bir-birimizin yanında olmağı, üzləşdiyi problemlərin həllində yardımçı  olmağı bir şəri vəzifə  kimi üzərimizə qoyur.  Bu Allahın peyğəmbərimiz vasitəsi ilə bu ayda və  Ramazanın bu günlərində biz müsəlmanlara nazil etdiyi Qurani-Kərimdə bu əməllərə riayət etmək tələb olunur. Bunu Allahın sonuncu elçisi olan İslam peyğəmbəri Mühəmməd Mustafa (s) buyurub. Ona görə də biz müsəlmanların bunu etmək vəzifə borcumuzdur.

Bax buna görə də Qüds günü təkcə Fələstinin deyil, bütün İslam dünyasının zülmdən, istibdaddan xilas olma günü kimi qəbul  edilməlidir.  Qarabağın və digər müsəlman torpaqlarının işğaldan azad olunması Qüdsün azadlığından keçir.

Qüds günü- İslam dünyasının özünəqayıdışı

Yuxarıda səsləndirdiyimiz fikirlər onu deməyə əsas verir ki, Qüds güün təkcə bir coğrafi məkanın  işğaldan azad olunma günü  kimi yox, İslam dünyasının ayılması, özünə qayıdış günü kimi anlamaq lazımdır. Bu gün müsəlmanların öz mənliyinə, mənəviyyatına, milli ideologiyalarına, dininə, şəxsiyyətinə, vücudi durumuna qayıtma günüdür. Ona görə də, bu gün mücərrəd nələrdənsə danışmaqdansa, istər Fələstində, istər Qarabağda, istər daha geniş olaraq ümumən müsəlmanların problemlərinin həlli müstəvisində söhbət açmaq gərəklidir. Müsəlmanlar ayılmalı və azad olmalıdırlar.
Qarabağ da, Fələstin və bütün başqa müsəlman torpaqları kimi, bütün müsəlmanlara aid olan torpaqlardır. Və bütün bu torpaqların geri qaytarılması uğrunda şüurlu, məntiqli mübarizə aparmaq bütün müsəlmanlara vacibdir. Bu baxımdan, Qüds günü – Qarabağ günüdür, oyanış günüdür, özümüzə qayıdış günüdür, cılızlıqdan, kiçiklikdən, bölücülükdən xilas olma günüdür. Bu günün mübarək Ramazan ayının sonuncu Cümə gününə salınması da təsadüfi deyil. İslamın vacib əməllərindən sayılan Ramazan ayının ibadət əməli bizdən bunu tələb edir. Biz bunu sözdə deyil, əməlimizdə yerinə yetirməliyik.

Odur ki, həyat davam edir. Deməli, sınaq da hələ bitməyib. Bizlər də bu sınağın içindəyik. Qüds Gününü bütün bu zülmkarlıqlara qarşı bir Etiraz Günü olaraq qəbul edib, zülmə, haqsızlığa “yox!” demək üçün hələ fürsətimiz var.

Gəlin, bu mübarək Ramazan ayında Allah qarşısında bir daha haqq və ədalət tərəfdarı olduğumuzu iqrar etmək fürsətindən yararlanaq.

Mürtəza Bünyadlı

Gununsesi.info