Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

09 Yanvar 2018 - 15:18

Qulağına səslər gələn şair- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

 

Və yaxud intihar mesajlarını niyə qulaqardına alırıq?

 

Bu səhərimiz də intihar xəbərləri ilə açıldı. 21 yaşlı Məlik Cahan dənizə atıb özünü, 23 yaşlı Rəşad Mustafazadə qatarın altına. Niyə? Nə sövq edir gəncləri intihara? Niyə yaşamaq istəmir övladlarımız? Niyə gənc arzularını özləri kimi suda boğur, qatarın altında ikiyə bölür insanlar? Çətin suallardır. Amma görünür bu suallardan daha çətini yaşamaqdır. Daha doğrusu yaşamamaq. İnsan yaşaya bilmədiyini anlayanda intihar yolunu seçir. Kefindən canına qıyanı görmədim heç.

Bu yazımda Məlik Cahandan yazacam. Özünü dənizə atan gəncdən. Pedaqoji Universitetin coğrafiya fakültəsinin 4-cü kurs tələbəsiymiş. Amma yaxşı da şeirləri varmış. Açığı ölüm xəbərinə qədər tanımamışam onu. Facebook səhifəsinə girdim ki, mənə dostluq göndərib. Dostluğunu bu gün qəbul elədim, bilə-bilə ki, o artıq ölümlə dostlaşıb. Yəqin, bizim kimi laqeyd insanlardan ölüm daha sədaqətli, daha etibarlı, daha lütfkardır. Yoxsa adamlar niyə ona belə can atsın, ölümə qovuşmaq üçün saatlarını, saniyələrini saysınlar ki? Məlik də yanvarın 6-dan ölümlə qovuşacağı günün saatını, dəqiqəsini sayıb. Yanvarın 6-sı saat 12.58-dəki facebook statusu belədir: 52 saat, 2 dəqiqə. Dostluğundan bircə adam da 2 dəqiqə vaxt ayırıb ondan bu rəqəmlərin izahını soruşmayıb. Hərçənd o köhnə ilin son gecəsindən, hətta ondan qabaq da az qala hər gün ölüm anonsunu verirdi.

Onun səhifəsində bir xeyli gəzişdim, açığı dəhşətə gəldim. Məsələn, dekabrın 24-də belə bir status yazıb. “Bir həftə sonra öləcəyinizi bilsəydiniz, bu bir həftəni necə keçirərdiniz? Cavablar müxtəlifdir, amma aralarında Arzu adlı bir xanım etirazını bildirib bu statusa. Soruşub ki, başqa işiniz-gücünüz yoxdur sizin, ölümdən niyə yazırsız? Axı depressiyada, intihar planında olan insanlara belə statuslar təsir edir. Məlikin cavabı belə olub. ”İnsan hansı tərəfə meyillidirsə, o tərəfə yıxılır. İçindən yıxılır adam”. Yenə həmin gün Komodonun – nə vaxt öləcəyini bilən yeganə canlının şəklini paylaşıb. 25 dekabrda daha diqqət çəkən bir paylaşım. ”Son günlər qulağıma tanımadığım səslər gəlir. Cürbəcür kişi, qadın, uşaq səsləri. Ən pisi də nə dedikləri aydın olmur. Gün boyu bir neçə dəfə müşahidə olunur bu hadisə. Hələ dahası da var”.

Məncə Məlik bunu ciddi bir həkimə deməli, ondan məsləhət almalıydı. Amma ona məsləhəti həkim yox, dostları verib. Dostlarından biri Royal Musa “Şizofreniya?” sualını verib. Məlik “inanmıram, sən də inanma” deyib. Lalə İsmayılova adlı xanım da son günlər depressiv statuslar yazdığını ona xatırladıb, Məlik isə düzəliş edib. Son günlər yox, son aylar. Sitat: Sadəcə əvvəllər həm belə kəskin deyildi, həm də statuslarla neqativ enerji vermək istəmirdim ətrafa. Amma bu yaş üçün depressiya normaldı, keçəcək yəqin. Sitatın sonu. O hələ zarafatından da qalmayıb. “Yəqin sənə vergi verilir”- deyən dostuna belə cavab verib. “Getsinlər dövlətə versinlər vergilərini”.

Bir neçə gün sonra – 29 dekabrda özünün səsləndirdiyi şeirini paylaşıb. Bir dəqiqəlik sükut adı altında:

İlahi, kömək ol mənə

Qorxularımı aşmağa

Mən yenə çıxıb gedirəm

Dünən gördüyüm kabusu

Axan suya danışmağa…

Uşaqların gözlərində

Dünya hələ tər-təmizdi

Mən daha uşaq deyiləm

Mənim yolum bu dənizdi

Allahıma qovuşmağa.

Qorxmaq, kabus görmək, qulağına gələn cürbəcür səsləri dinləmək… Heç biri normal deyil. İstəyirsiz bu saat, bu dəqiqə ən yaxşı psixiatra zəng edin, onu sual atəşinə tutun. Əminəm ki, eşidəcəyiniz cavabdan məyus olacaqsız. Amma inanın o cavab gənc bir şairin intihar xəbərindən çox məyus etməyəcək sizi. Çünki dərdi verən Allah dərmanını da verir.

Kaş Məlik “depressiyanın bu yaş üçün normal olduğuna” özünü inandırmayaydı. Kaş vaxtında həkimə müraciət edəydi. Kaş yaxınları, dostları onu dərdindən, problemindən anlayaydılar. Anlamadılar. Və...o hər gün gördüyü kabusu suda batırmağa getdi. Özü ilə birlikdə.

P.S. Məlumatlara görə, şairin meyiti hələ tapılmayıb. Axtarışlar nəticəsində dənizdən tapılan meyidin Məlik Cahan olmadığı müəyyən olub.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info