XƏBƏR LENTİ

20 Fevral 2018

13 Yanvar 2018 - 09:45

Rəsulzadənin məzarı Azərbaycana gətirilə bilər- SİYAVUŞ NOVRUZOV
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
– Siyavuş bəy, dövlət başçısı 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Hakim partiyada bununla bağlı hansı tədbirlər görülür, nələr planlaşdırılır?
– Cənab prezidentin çox uzaqgörənlik edərək 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi bir daha Azərbaycan Demokratik Cümhuriyyətinə olan diqqətin nümunəsidir. İstər ümummilli lider, istər cənab prezidentin hakimiyyəti dövründə mütəmadi olaraq Cümhuriyyət yaradıcılarının yubileyləri, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addımlar atılıb. Hesab edirəm ki, ən böyük addım müstəqil Azərbaycan dövlətinin bərpasıdır. Cümhuriyyət qurucularının ən böyük arzusu məhz elə müstəqil Azərbaycanın olmasıdır. Söhbət kağızda, hansısa bir qərarda deyil, həyatda, fəaliyyətdə. Nəzərə alsaq ki, vaxtilə Cümhuriyyət qurulanda təxminən 20 ölkə tərəfindən, konsulluq vasitəsilə tanınırdısa, indi BMT-yə üzv olan ölkələrin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən Azərbaycan MBT-yə sədrlik etmək hüququna qədər yüksəlmiş bir dövlət səviyyəsinə qədər gəlib çıxıb. Bu da Cümhuriyyət qurucularının arzusu idi ki, Azərbaycanın üçrəngli bayrağı əbədi ucalsın, dünyanın hər yerində dalğalansın. Bu gün ayrı-ayrı beynəlxalq təşkilatlarda, dövlətlərdə, o cümlədən beynəlxalq yarışlarda, dövlət başçıları səviyyəsində keçirilən mühüm konfranslarda Azərbaycan bayrağı dalğalanır. Bu gün müstəqil, azad, iqtisadi cəhətdən qüdrətli, siyasi cəhətdən güclü və nəinki regionda, dünyada müstəqil siyasət aparan müasir Azərbaycan var. Möhtərəm prezidentimizin rəhbərliyi altında bu quruculuq işləri davam edir. İqtisadiyyatımız nə qədər güclənirsə, Azərbaycan gözəlləşirsə, ölkə vətəndaşının siyasi və sosial hüquqları tamamilə öz həllini tapırsa, bu, bir o qədər Cümhuriyyət dövrünə verilən qiymət və töhfədir.
– Bu gün daha çox müzakirə olunan məsələlərdən biri də Cümhuriyyət qurucularının, konkret olaraq Məhəmməd Əmin Rəsulzadənin məzarının Türkiyədən Azərbaycana köçürülməsi, həmçinin quruculara abidənin qoyulmasıdır. Bununla bağlı YAP-ın mövqeyi necədir?
– Cümhuriyyətlə bağlı abidə var. Amma bununla yanaşı, bütün Cümhuriyyəti əks etdirən bir bağın, parkın salınması və burada heykəllərin qoyulması ilə bağlı da prezidentin fərmanı var. Bununla bağlı tender elan olunub, təkliflər daxil olmaqdadır. O təkliflər əsasında da belə bir parkın yaradılması nəzərdə tutulur. O cümlədən Cümhuriyyətin ayrı-ayrı nümayəndələrinin müxtəlif ölkələrdə olan məzarları var. Məsələn, Türkiyədə, Gürcüstanda, Fransada, Avropanın ayrı-ayrı ölkələrində həm Cümhuriyyət əsgərlərinin, həm siyasi xadimlərin, diplomatların, yaradıcıların, qurucuların məzarları var. Mən hesab edirəm ki, bununla bağlı konkret ciddi ictimai müzakirələr keçirilməlidir. Müzakirələr aparılmalıdır ki, onların məzarların gətirilməsi bizə nə verə bilər? Yaxud orda olması nə verə bilər, bunun əhəmiyyəti nədən ibarətdir? Tutaq ki, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Topçubaşovun, digərlərinin məzarı bura gətirilsin, panteon kimi düzəldilsin. Yaxud da orda qalmaq şərti ilə bütün dünya ölkələrinin diqqəti cəlb olunsun ki, vaxtilə Azərbaycanda Demokratik Respublika olub və sovet işğalı nəticəsində süquta yetirilib, Cümhuriyyət nümayəndələrinin bir hissəsi sui-qəsdə məruz qalıb, onlar ayrı-ayrı ölkələrdə erməni terrorçularının və bolşevik terrorunun qurbanı olublar, bəziləri vətəndən didərgin düşüblər və s. Hesab edirəm bunun əhəmiyyətinin nə dərəcədə olması ilə bağlı istər Elmlər Akademiyası, istər Milli Məclis, istər ölkədəki ictimai-siyasi təşkilatlar, QHT-lər bir ictimai müzakirə təşkil etməlidir. Fikrimcə, məzarların ölkəyə gətirilməsində elə bir problem yoxdur. Amma əhəmiyyəti baxımından ümumxalq müzakirəsinə ehtiyac var.
– Dediklərinizdən belə anlaşılır ki, Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı siyasi iradə var, eləmi?
– Təbii. Bu, Azərbaycanın sərvətidir, Azərbaycan xalqınındır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına səs verənlər arasında kommunist də, bitərəf də, millətçi də, cəbhəçi də var idi. Amma fərqi yox idi, bunlar Azərbaycan xalqının nümayəndələri idi. Parlamentdəki 350 nəfər hamısı Azərbaycanın müstəqilliyinə səs verib. Konstitusiya Aktında da qeyd olunub ki, Azərbaycan dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Yəni varis hər hansı bir fərd, şəxs, yaxud hansısa partiya deyil, müstəqil Azərbaycan dövlətidir. Bəziləri bunu öz adına çıxır, hətta onunla bağlılığı olmasa da… Ümumiyyətlə, o anlayışdan tamam uzaq olan, həm ictimai fəaliyyətləri, həm düşüncə tərzi, həm dünyagörüşü, həm bu gün xalqına, dövlətinə, dövlətçiliyinə münasibəti fərqli olan insanlar bir adla bunu özününküləşdirməyə cəhd göstərir ki, bu da mənasız bir şeydir. Burada söhbət sırf dövlətin varisliyindən gedir. O dövlətin varisi bugünkü müstəqil, inkişaf etmiş Azərbaycandır. Ona görə də dövlətin onlarçün nə etməsinə heç bir siyasi qəbahət yoxdur. Əksinə, bununla bağlı lazımi addımlar atılıb, bundan sonra da atıla bilər.
– Fəxri Xiyabanda Rəsulzadə, ya Xoyskinin məzarı olmalı ikən, orada bolşeviklərin məzarları var. Cümhuriyyət ilində onların məzarları başqa yerə köçürülsə, daha yaxşı olmazmı?
– Bu insanlar tarixdə olublar və o zaman orda dəfn ediliblər. Bu gün onların məzarının köçürülməsi, aparılması… Bu, böyük bir tarixdir. Rusiyanın ərazilərində Leninin heykəli bu gün də durur.
– Amma onların məzar daşına “müsavat cəlladları” tərəfindən güllələndiyi qeyd olunub. O dövrdə dövlət quran müsavatçılara “cəllad” adı qoyulub. Bu məsələyə münasibətiniz necədir?
– Aydındır. O dövrdə bolşeviklərin fikirləri bundan ibarət idi. O baxımdan bunu tarixçilər geniş şəkildə müzakirə etməli və konkret qərar qəbul etməlidir. Bu, hər hansı bir fərdin fikri ola bilməz. Burada ictimaiyyətin, xalqın qərarı olmalıdır. Əgər belə bir qərar olacaqsa, təbii ki, onu yerinə yetirmək böyük bir güc tələb eləmir.
– Cümhuriyyət ilində həm də prezident seçkiləri keçiriləcək. Bu il iqtidar-müxalifət dialoqu, ümummilli məsələlərin müzakirəsi baş tuta bilərmi?
– Dialoq o şəraitdə olur ki, çox gərgin, antaqonist proseslər baş verir, ölkədə xaos, anarxiya hökm sürür. Elə kataklizmlər baş verir ki, bunu aradan qaldırmağa iqtidarın gücü çatmır, ona görə də bütün qüvvələri çağırır ki, bir yerdə səfərbər olunaq, bunları aradan qaldıraq və s. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik var. İqtidar həmişə dialoq aparmağa hazırdır, amma nəyin dialoqunu aparaq? Seçki prosesidirsə, Seçki Məcəlləsi var, bu Məcəllənin tələbləri var. Seçkinin müddəti göstərilib, hər bir siyasi təşkilat özünün platformasını hazırlamalıdır, ona əsasən çıxış etməlidir. O halda nəyi müzakirə edəcəyik, mən başa düşmürəm. Dəfələrlə görmüşük, seçki elan olunub, namizədin irəli sürülməsi müddətinin bitməsinə 5 gün qalmış hələ hər hansı bir partiya öz namizədini müəyyənləşdirməyib. Xatırlayırsınızsa, Milli Şura adlı dərnəyin özündə də əvvəl dedilər Rüstəm İbrahimbəyovdur namizədimiz, – bilə-bilə ki, o, Azərbaycan vətəndaşı deyil, namizədliyini irəli sürə bilməz – sonra isə az bir müddət qalmış Cəmil Həsənli namizəd oldu. Yəni bunların hamısı bəhanədir. Müəyyən təşkilatlar imza toplaya bilmir, xalq onlara etimad göstərmir. Ona görə də gah onun, gah bunun namizədliyi üzərində dayanırlar. Sonra da deyirlər şərait yaradılmadı, seçki müddəti az oldu və s.
– Bəs, Cümhuriyyətlə bağlı hər bir təşkilat dəyirmi masa keçirə bilər. Cənab prezidentin fərmanı var. Orada Elmlər Akademiyası, Milli Məclis, ayrı-ayrı dövlət strukturlarının qarşısındakı vəzifələr müəyyən olunub. O cümlədən hər bir siyasi partiya özünün Cümhuriyyət ili ilə bağlı proqramını hazırlamalıdır. Məsələn, YAP özünün bununla bağlı proqramını hazırlayır, növbəti həftə İdarə Heyətində bu məsələlərə baxılacaq, öz təsdiqini tapacaq.
– YAP Cümhuriyyət tədbirlərinə müxalifəti dəvət edəcəkmi?
– Təbii ki. Keçirilən tədbirlərə bütün Azərbaycan cəmiyyəti dəvət olunacaq. Amma hər bir siyasi partiyanın hüququ var ki, Cümhuriyyət ili ilə bağlı tədbir keçirsin, buna heç kəs qadağa qoymayıb. Tutalım götürək Müsavat Partiyasını, Milli Dirçəliş, Milli İstiqlal, Sosial Rifah, Sosial Demokrat partiyaları Cümhuriyyətlə bağlı tədbir keçirirsə, buna kim nə deyəcək? Tədbirini təşkil eləsin, dəvət eləsin, müzakirələr, diskussiyalar, debatlar həyata keçirsin. İndi internet əsridir. Keçirilən diskussiyalarda bir neçə milyon iştirak edir, facebookda, ya digərlərində. Yəni bu müzakirələri masa arxasında deyil, virtual məkanda da həyata keçirmək mümkündür.
– Müsavat Partiyası təşkil etdiyi tədbirə sizi dəvət etsə, iştirak edərsinizmi?
– Təbii ki, hər hansı bir partiya bizi dəvət edəcəksə, müzakirə edib bununla bağlı öz qərarımızı verəcəyik.
– Cümhuriyyət ilində amnistiya imzalana bilərmi?
– Ola bilər. Kimsə amnistiya aktı layihəsini təqdim edə bilər. Hər bir deputatın hüququ var. Dövlət başçısı da amnistiya ilə bağlı təşəbbüslə çıxış edə bilər. Təbii ki, əfv hər zaman olur, bu, problem deyil. Amma Cümhuriyyətin 100 illiyi ilə bağlı geniş amnistiya da verilə bilər. Yəni müxtəlif tədbirlər ola bilər.
– Bir sıra tanınmışlar var ki, məsələn, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev və digərləri, illərdir ki, Azərbaycana gəlmək istəyirlər. Cümhuriyyət ilində onların vətənə gəlişinə yaşıl işıq yandırıla bilərmi?
– Rüstəm İbrahimbəyovun gələ bilməməsinin səbəbi vergi ilə bağlı törətdiyi cinayətlə əlaqədardır. Rüstəm İbrahimbəyovun hər hansı siyasi baxışla bağlı problemi yoxdur.
– Bəs, Rəsul Quliyev?
– O da həminki qaydada. Onda hansısa bankdan pul oğurlayıb qaçan adamla digərləri arasında fərq qoyulmamalıdır? Onda biz bütün oğrulara, quldurlara deyək ki, müstəqilliyin 100 illiyidir, durun gəlin?! Oğurlamısınız, vergidən yayınmışınız, Allah canınızı sağ eləsin! Bu gün Azərbaycanda siyasi baxışlarına görə hər hansı bir şəxs məsuliyyətə cəlb olunmur. Bu və ya digər şəkildə vergidən yayındığına, yaxud götürdüyü kreditləri qaytarmadığına, mənimsənilməsi, vəzifə səlahiyyətlərini aşmasından söhbət gedir.
– Bəs, ölkədə iqtisadi amnistiya elan oluna bilərmi?
– Bu mənim sahəm olmadığı üçün dəqiq bilmirəm…
Gununsesi.info