Rəqabət Məcəlləsi niyə qəbul edilmir? - VAHİD ƏHMƏDOV PARLAMENTDƏ MONOPOLİYADAN DANIŞDI

  • By admin
  • 21 Noyabr 2017 17:56

Əgər Azərbaycanda monopoliya yoxdursa, o zaman niyə Rəqabət Məcəlləsi qəbul edilmir?

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, hökumət nümayəndələri, hətta nazirlərlər söhbət zamanı Azərbaycanda monopoliyanın olmadığını deyirlər.

“Əgər belədirsə, niyə Rəqabət Məcəlləsi qəbul edilmir? Strateji Yol Xəritəsində Rəqabət Məcəlləsinin 2021-ci ilədək qəbul edilməsi planlaşdırılır. Çünki bilirlər ki, əgər Məcəllə qəbul olunarsa, o zaman monopoliya aradan qalxacaq və asan gəlirlərdən məhrum olacaqlar. Mən hiss edirəm ki, Prezident Administrasiyası, Nazirlər Kabineti və Milli Məclis bunda maraqlı deyil”, deyə millət vəkili vurğulayıb.

“Azərbaycanda qiymət siyasəti yoxdur. Düzdür, İqtisadiyyat Nazirliyinin müvafiq qurumu qiymətləri müəyyən qədər stabilləşdirir. Amma yenə də qiymətlər qalxır” deyən millət vəkili deyib ki, bu il manatın məzənnəsi dəyişməyib: “İdxal- ixrac əməliyyatlarında müsbət saldo var. İnflyasiya 13-14 faizdir. Bəs niyə qiymətlər sürətlə dəyişir? Bunun sürətlə dəyişməsi üçün bazis olmalıdır. Gömrük xidməti prezdenti inandırdı ki, guya yağın qiymətini aşağı salıb. Amma yenə marketlərdə yağın qiyməti 18-24 manatdır. Deyirlər ki, monopoliya yoxdur. Hətta hörmətli nazirlərimiz də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdı”.

Mürtəza

Gununsesi.info