Ramazanın gəlişiylə bazarlarda qiymətlər qalxıb - BU SƏBƏBDƏN ALICI QITLIĞI YAŞANIR - FOTOLAR

  • By admin
  • 27 May 2017 13:16

bazar qiymetler4

Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması bazarda qiymət artımına stimul verib.

Gununsesi.info-nun xəbərinə görə, bayram menyusuna daxil olan əsas ərzaq məhsullarının demək olar ki, hamısının qiymətində bahalaşma müşahidə olunur.

İftarın qaçılmazı olan xurma Ramazan ayında daha da bahalaşıb. Bakıdakı marketlərdə  İran, Tunis, Mərakeş, Mədinə, İsrail, eləcə də digər şəhər və ölkələrdən gətirilmiş xurmaların çeşidləri  göz oxşayır. Qiymətlər isə od tutub yanır. Ən ucuz xurmanın kilosu 7 AZN-dən başlayıb 32 AZN-də dayanır.

Bu cür təamların daha çox satıldığı ixtisaslaşmış marketlərdə isə qiymətlər nisbətən uyğundur. İran malları adıyla məşhur olan mağazalardan birinin satıcısının sözlərinə görə, Ramazanda ən çox tələbat İran və İsrail xurmalarınadır ki, bunların da qiyməti 7-25 AZN arası dəyişir. Daha çox üstünlük verilən “Mədinə” xurmasının bir kiloqramı 18-32 AZN, İsrail xurmasının kiloqramı 18-23AZN-dir. Onun sözlərinə görə, əhalinin imkansız qismi ucuz (4-6 AZN) olduğu üçün daha çox qablaşdırılmış İran xurmalarına üstülük veirir.

Məhşur Tunis xurmasına isə təlabat çox olduğundan 12-14 AZN, daha aşağı sort xurmalar isə 7-8 AZN, 10, 15 AZN-ə satılır. Qutuda olan İran xurmaları isə 3-4 AZN civarında alıcıya təqdim edilir.

Ümumiyyətlə, iftar menyusuna daxil olan əsas ərzaq məhsullarının, demək olar ki, hamısında bahalaşma müşahidə edilir. Yerli düyülərdən Astara sortu 6-8 AZN, Ağdaş 4-6, Şəki 6-8 AZN, İran istehsallı sədri, əmbərun 12-14 AZN, müjgan 6-8 AZN-dir.

Quru meyvələr və çərəz ləpələrinin qiyməti isə son 3 ayda yüksəlib.  Hazırda qiymətlər 18-25 AZN civarındadır.

Satıcılar Ramazanda qiymət artımını tələbatın artması ilə izah edirlər: “Bu gün eyni zamanda, çərəzlərə də tələbat artıb. Alıcılar daha çox qoz ləpəsi, badam, qaysı və kişmiş alırlar. Badamın kiloqramı 25AZN, qaysıların qiyməti 8-12, qoz ləpəsi 16-25 AZN arasında dəyişir. Mağazadan ən çox alınan ərzaqlarımız düyü və xurmadır”.

Satıcılar bildirirlər ki, ötən illə müqayisədə qiymətlərdə artım olduğundan, bu gün bazarda alıcı qıtlığı yaşanır: “Ötən illə müqayisədə Ramazan süfrəsi üçün nəzərdə tutulan təamların qiyməti, xurma da daxil olmaqla, bahalaşıb. Ona görə də bu il əvvəlki kimi alıcı bolluğu yoxdur. Alıcılar daha çox 200-250 qram arası alış-veriş edirlər”.

Bazarda ağartı məhsullarının qiyməti ilə də maraqlandıq. Məlum oldu ki, pendirlərin qiyməti növünə görə dəyişir. Qatığın 3 kq balonu 3,5-5 AZN, keçi pendiri 8-10 AZN, qoyun pendiri 10 AZN, inək pendiri 7-8 AZN, südün 1 litri 1,5 AZN, kənd yumurtasının qiyməti isə 30 qəpikdir.

Kartofun qiyməti 1-1,5 AZN, soğan isə 40-60 qəpik arası dəyişir. Xiyar 80 qəpiklə 1,5 AZN arası, bibərin kilosu 5AZN, lobya 2,5-3 AZN, pomidorun qiyməti isə 1,5 manatdan aşağı düşmür. Badımcan isə 4-5 AZN-ə satılır. Meyvə və tərəvəzlərə gəlincə, çiyələk 1-2 AZN, ərik 8 AZN, alça 4 AZN, gilas 6 AZN, tut 5 AZN-dir. Göyərtinin 1 dəstəsi 20-50 qəpik arası dəyişir.

Ət və ət məhsullarından quzu əti 12-15 AZN, mal əti 9-11 AZN, dana əti isə 12-14 AZN-dir.

bazar qiymetler

bazar qiymetler2

bazar qiymetler3

Gülnaz Qənbərli

Gununsesi.info