“Rusiya getdikcə özünü daha böyük tələyə salır” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 05 Avqust 2017 14:24

elxan sahinoglu

“Rusiya getdikcə daha çox özünü tələyə salır. Kreml necə illərdir Amerika ilə Avropanın arasını vurmağa çalışır”.

Gununsesi.info xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu ABŞ-Rusiya münasibətlərində yaranmış son durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, son günlər Kreml bu istəyinə bir qədər yaxınlaşsa da, sonda etdiyi kobud səhv ucbatından yenidən hədəfindən uzaqlaşdı. “Deməli, ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiya qəbul etdikdən sonra Avropa İttifaqı buna qarşı çıxdı, Brüssel dedi ki, “Vaşinqton istəyir deyə biz Rusiya ilə iqtisadi əlaqələrə son verə bilmərik və sanksiya qərarını yanlış hesab edirik”. Ancaq bunu deyənin özü iki gün sonra Rusiyaya qarşı sanskiyanı sərtləşdirdi, sənədə yeni şəxslərin və şirkətlərin adını əlavə etdi”- deyə, politoloq vurğulayıb.

E.Şahinoğlu əlavə edib ki, hər şey Almaniyanın məşhur “Siemens” konserninin kontrakt əsasında Rusiyanın Krasnodar vilayətində tikilən obyektə göndərdiyi 4 turbindən sonra başladı. “Sən demə Rusiyanın müvafiq nazirliyi Almaniya konsernini aldadaraq həmin turbinləri Krımdakı oxşar tikintiyə göndərib. “Siemens” məsələdən xəbər tutan kimi turbinləri geri tələb edib. Şirkətin niyə belə etdiyi aydındır, işğal altındakı Krım sanksiyalar altındadır və bilinsə ki, hansısa Avropa şirkətinin birbaşa və dolayı yollarla yarımada ilə əməkdaşlığı var, həmin şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq. Ona görə də şirkət özü baş verən hadisə barədə Avropa İttifaqının qurumlarına xəbər edib və bundan sonra Brüssel keçmişdə qəbul etdiyi sanskiyaya yeni isimləri əlavə edib”- deyə, o, vurğulayıb.

Politoloq hesab edir ki, bu praktikadan Azərbaycan da yararlanmalıdır və istifadə edərsə daha yaxşı olar. “O baxımdan Krımla bağlı son olay Azərbaycan üçün də bir nümunə ola bilər. Şübhə etmirəm ki, işğalçı Ermənistan da Avropanın müxtəlif şirkətlərindən aldığı avadanlıqların bir hissəsini Dağlıq Qarabağa ötürür, sadəcə bir çoxundan xəbərimiz yoxdur. Avropa İttifaqının Krımdan fərqli olaraq Dağlıq Qarabağla bağlı sanksiya qərarı olmasa da, Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdığından öz şirkətlərinə Krımla yanaşı, digər separatçı bölgələrdə fəaliyyətini də qadağan etməlidir. Fikrimcə, bu məsələdə separatizmdən əziyyət çəkən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna səylərini birləşdirərək Brüsseldən işğal altındakı torpaqlarla bağlı xüsusi qətnamənin qəbulunu istəyə bilərlər. Yəni hər hansı Avropa şirkəti bilməlidir ki, Ermənistan onu aldadaraq avadanlıqlarını Dağlıq Qarabağa göndərərsə, bu, ona baha başa gələcək. Ancaq bunun məhz belə olması üçün müttəfiqlərlə birgə işləmək və Avropaya daha yaxın olmaq lazımdır”- deyə, E.Şahinoğlu bildirib.

Mürtəza

Gununsesi.info