Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV

  • By admin
  • 20 Yanvar 2018 00:22

Yenicə qədəm basdığımız önəmli ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində hansı gözləntilər var? Ümumiyyətlə, geridə qoyduğumuz 2017-ci ildən fərqli olaraq, bu il münaqişə ilə bağlı önəmli irəliləyiş əldə oluna bilərmi?

Gununsesi.info xəbər verir ki, xeber365.com-un bu və digər suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Tofiq Zülfüqarov hesab edir ki, Ermənistanın sərtləşən mövqeyi danışıqlar yolu ilə irəliləyişə imkan verməyəcək:

“Bu mövzuda təzə bir şərh vermək çətindir. Ermənistanın mövqeyi keçən illər ərzində sərtləşib o dərəcəyə çatıb ki, doğrusu, hansısa siyasi şəraitin vəziyyəti dəyişə biləcəyini düşünmürəm. Onlar konstruktiv danışıqlara hazır deyillər. Ermənilər artıq müzakirələrdə nəinki Dağlıq Qarabağla bağlı, hətta utanmadan işğal olunmuş rayonlarla bağlı ortaya əsassız iddialar atırlar”.

Ermənistan siyasi elitasında Dağlıq Qarabağla bağlı sərt mövqe sərgiləmək mübarizəsi getdiyini deyən Tofiq Zülfüqarov qeyd edib ki, seçki prosesinin danışıqların məcrasını müsbətə doğru dəyişə biləcəyi real görünmür:

“Mən fikirləşmirəm ki, siyasi danışıqlar hansısa nəticəni verə bilər. Ermənistan cəmiyyəti, siyasi elitası nəinki konstruktiv, ümümiyyətlə heç bir danışığa hazır deyil. Ermənistan siyasi elitasında Dağlıq Qarabağla bağlı kimin daha sərt mövqe sərgiləməsi mübarizəsi gedir. Cəmiyyət daha sərt mövqe sərgiləyən siyasətçi istəyir. Bu şəraitdə aparılan danışıqların sülh prosesinə heç bir faydası yoxdur. Bəzən deyirlərki seçkilər nəyisə dəyişəcək. Ümumiyyətlə, Azərbaycanda seçki bu məsələ ilə bağlı dövlətin mövqeyini dəyişə bilməz. Ermənistan isə dediyim kimi, daha da sərtləşməkdə maraqlıdır”.

Geriyə qalan ikinci varianta – hərb yoluna gəlincə isə, keçmiş XİN rəhbərinin fikrincə, bu müstəvidə də problemlər mövcuddur:

“Hərbi müstəvidə də problemlər var. Ermənistan dolayı yollarla Rusiyanın himayəsini hiss edir. Bu da hərb variantında bəzi maneələr yaradır. Əslində, danışıqlar prosesinə də təsir göstərən əsas amil budur. Ermənistan Rusiyanın himayəsini hiss etməsi İrəvanın mövqeyinin sərtləşməsinə gətirib çıxarıb. Həmçinin bu himayə nəticəsində danışıqlar prosesinə yer qalmayıb”.

Tofiq Zülfüqarov hesab edir ki, münaqişənin həlli üçün rusiyalı siyasətçilərin seçim etməsi labüddür:

“Artıq real danışıqlar mövcud deyil. İndi Rusiya nə edəcək? Gec və ya tez Rusiya siyasətçiləri seçim qarşısında qalacaq. Kimin tərəfini tutsunlar: Ermənistan yoxsa Azərbaycan? Bu cür siyasət davamlı ola bilməz. Bunu hamı başa düşür. Həmçinin Azərbaycanın siyasi rəhbərliyi başa düşür ki, belə siyasət yürütmək olmaz. Baxın, Azərbaycan prezidentinin ən yüksək muxtariyyətin verilməsi ilə bağlı mövqeyini elan etməsindən 22-23 il keçir. Bu müddətdə Azərbaycanın mövqeyi dəyişməyib. Lakin Ermənistan öz mövqeyini dəfələrlə dəyişib”.

Gununsesi.info