“Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı Beynəlxalq Konfrans-Seminar keçirilib

  • By admin
  • 23 Oktyabr 2017 15:20

IMG_9496
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası (LLNL) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqat İnstitutu (IRIS) tərəfindən “Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər” mövzusunda Beynəlxalq konfrans-seminar keçirilib.

Konfransda Azərbaycanın bir sıra dövlət və hökümət rəsmiləri, 20-dən çox ölkədən olan seysmoloq alimlər və mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanda aparılan ən müasir seymoloji tədqiqatlardan danışıb, konfransa mühüm beynəlxalq seysmoloji təşkilatların nümayəndələrinin gəlişini bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlərin nəticəsi hesab edib.

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə son illər ölkədə baş verən seymik hadisələrdən və bu proseslərin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kompleks tədbirlərdən danışıb.

Tədbirdə ABŞ-ın Enerji Departamentinin proqram rəhbəri V.Vanderer təmsil etdiyi qurumun fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, “Əməkdar Elm xadimi”, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli konfrans iştirakçılarına Azərbaycanın seysmoloji vəziyyəti, zəlzələ ocaqları barədə məlumat verib. O bildirib ki, mərkəzdə seysmoloji,

geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır, alınan məlumatlardan təkcə istehsalat məqsədi ilə deyil, elmi – tədqiqat araşdırmaları zamanı da istifadə edilir. Mərkəzin 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq etdiyini xüsusi vurğulayıb.

ABŞ-ın Enerji Departamentinin Livermor Milli Laboratoriyasının əməkdaşı, professor Rengin Gök beynəlxalq səviyyədə aparılan seysmoloji tədqiqat işləri, Kanadadan gəlmiş mütəxəssis Tuna Onur isə binaların, inşa olunan tikintilərin zəlzələyə davamlı olması ilə bağlı zəruri olan məsələlərdən haqqında məruzə edib.

Konfrans-seminarda Birləşmiş Seysmoloji Tədqiqat İnstitutları (IRIS) tərəfindən hazırlanmış seysmik dalğa məlumatlarının idarəetmə vasitələri, ObsPy Data Management Tools (Məlumatların İdarəedilməsi Vasitələri), ObsPy – Seysmologiya üçün Phyton Toolbox ,SeisComp3 məlumatların yığılması və işlənməsi vasitəsi, ILoc hadisənin yerinin müəyyən edilməsi mövzuları müzakirə olunub.

Konfrans-seminar 27 oktyabr tarixinədək davam edəcək.

Gülnaz Qənbərli 

Gununsesi.info