Sərəncamla kitab oxumaq - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 30 Avqust 2017 12:26

leman

Bir neçə gün əvvəl diqqətimi Elşad Mirinin bir paylaşması çəkdi. ANS-də   gedən “Açıq söhbət” verilişinidən bir fraqment yerləşdirmişdi facebooka. Maraqlı gəldi, baxdım. Elşad Miri ilə şair Aqşin Yeniseyin çox maraqlı debatı idi. Xeyli mütəəssir oldum. Təkcə ona görə yox ki, o verilişi Afət Telmanqızı ilə birlikdə necə hazırlamağımız yadıma düşmüşdü, mənə təsir edən şərhlər idi. İlahi, nə qədər  cahil adamlar varmış sıralarımızda. Təkcə bir rəyi yazım, təsəvvür yaransın. Rəy yazanlardan çoxu Aqşin Yeniseyi  ümumiyyətlə tanımır. Onlardan  birinin sualı beləydi. “Aqşin  kimdir, nəçidir, onu kim çıxarıb ora? “ Başqa  birinin sual verənə cavabı:. “Danabaş kəndinin sakinidir”. Sonuncunun ironiyası dodağımı qaçırtsa da, reallıqdan çox da uzağa qaça bilmədim. Bəli, bu bizik. Kitaba düşmən kəsilən biz.

Bu mənada Vasif Talıbovun bu günlərdə  kitabla bağlı verdiyi  sərəncam lap yerinə düşdü.  . Əslində belə bir məcbburiyyətin olması xoşa gələn, bəyənilən  hal deyil, Bəlkə də bir sivil dünya vətəndaşı  bunu eşitsə bizə gülər, kitab oxumaq mədəniyyətinə sahib olmadığımıza, “nə bilirdim nə zəhirmardı kitab, biz olan evdə haçan vardı kitab?-təfəkkürümüzə  mat qalar. Amma neynək ki, biz qılınc müsəlmanıq, heç  kitabı da öz xoşumuza oxumaq istəmirik. O halda gərək  sərəncamla oxuyaq.

Qaldı nə oxumağa… Vasif müəllimin siyahısı haqqında çoxları yazıb.Ki, bu  daha sanballı siyahı ola bilərdi filan. Haqlıdırlar. Şəxsən mən o siyahıda Mirzə Ələkbər Sabirin “ Hophopnamə”sini görmək istərdim. Çünki, bu millətin oxuması üçün Sabir qədər  çaba göstərən ikinci bir adam olmayıb. Yox, yalan deyərəm, olub. Həsən bəy Zərdabi. Adam evini-eşiyini satıb məktəb bina edib , həyat yoldaşı Hənifə xanımla birlikdə  uşaqlara elm öyrədib. Onun yazdıqlarını öyrənməkdə həmişə fayda var.EynənMirzə Fətəli Axundovu, Nəcəf bəy Vəzirovu oxumaqda fayda olan kimi.  Və yaxud Üzeyir Hacıbəyov..Üzeyir bəyin felyetonları, məqalələri hərəsi bir Akademiyadır..Ümumiyyətlə 20-ci əsrin yükü bu kişinin çiynində bərqərar olub. O təkcə istedadlı musiqiçi, jurnalist , müəllim olmayıb,  həm də  şagirdlər üçün hesab dərsliyinə qədər yazıb. Bizsə Üzeyir bəy kimi dahini öyrənmək istəmirik, Drayzerin “Dahi”sini öyrənmək istəyirik.

Drayzerin “Dahi”sini  7-ci sinifdə oxumuşam. Yorğanın altında, heç kim görməsin deyə. Kifayət qədər həcmli romandır. Üstündən 20 ildən artıq vaxt keçib.. Yucinin sevgililərinin adını bir-bir sadalaya bilərəm. Miriem,  Kristina, Norma, Karlotta, Anjela, Süzanna və s. Eynən Drayzerin “Cenni Herhard”ı qədər, “Kerri bacı”sı qədər  “Dahi”si də maraqlı əsərdir.Amma Yucin kimi baz oğlanın hekayəsini oxuyub …kitabbaz olacağımıza inanmıram. Ondansa Viktor Hüqonun “Səfillər”ini oxumaq bizə daha çox qazandırar. Hərçənd, bu əsəri siyahıda görmədim. Eynən Onore de Balzakı, Qabriel Marquezi , Lev Tolstoyu, Dostayevskini  və bir çox dünya şöhrətli yazıçıları da həmçinin. Ernest Hüminqueyin adının siyahıda olmağı isə məni sevindirdi.

Yeri gəlmişkən, ötən gün dostlarla bir facebook dostumuzun- gənc şair Eminquey Akifin yeni açdığı məkana getmişdik. Heminqueyi  tanımayan azərbaycanlı oxucu əlbəttə ki, bizim Eminqueyi heç tanımayacaq. Hərçənd Heminqueyin malik olduğu imkanlar bizim gənc Eminqueydə olsa o da sələfindən heç nəyi ilə geri qalmaz. Amma təəssüf ki, bizim Eminqueylərin sözdən başqa heç nəyi yoxdu. Söz də ki, bu ölkədə ən ucuz satılan nəsnədir. Sözün umuduna qalsan gərək yıxılıb öləsən. Bu gənc dostumuz da  yıxılıb ölməmək, ayaqda qalmaq üçün bir zirzəmi icarəyə götürüb, o zirzəmini kafe halına gətirib. Kafe nə kafe? Daşı-divarı  kitabla bəzədilib, qəzetlə naxışlanıb. İçəri girəndə heyrətdən gözlərin bərəlir. Divara hörülmüş yüzlərlə kitab elə müəllifləri yada salır ki, ürəyindən  Vasif Talıbovun  oxumağı tövsiyyə etdiyi 30 kitabın siyahısında bu adları da görmək keçir. Qısası, söz adamının sözə sadiqliyinin, kitaba sevgisinin nümunəsidir bu ünvan. Gedib bir stəkan çaylarını için. İnanın, ürəyiniz sərinləyəcək. Və kim bilir, bəlkə bu diqqət, bu dəstək  Azərbaycana Heminqueylər də qazandıracaq?!.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info