Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

12 İyul 2017 - 12:48

Sabirə ikinci məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Ölümün mübarək, Mirzə Ələkbər. Ad günündə – mayın 30-da sənə yazmışdım. Onda söz vermişdim ki, bir məktub da vəfat günündə yazacam. İyulun 12-də. Məqsədim təkcə səni yad etmək, hal-əhval tutmaq deyil. Həm də yada salmaqdır. Çox unutqanıq, çox…

İstəyirəm ki, ən azı bir-iki şeirini əzbərdən bilənlər ad gününü, vəfat gününü də yaddaşlarına yazıb, xörək bişirəndə qazana bir çimdik duz atsınlar. Desinlər ki, bu da şerimizin duzu Mirzə Ələkbər Sabirin ruhu üçün olsun. Əslində bu məktubu dünən istəyirdim yazam. Abbas Səhhətin – sənin ən yaxın dostunun ölüm günündə. Deyirəm, taleyin işinə bax. İyulun 11-i o, dünyadan köçüb, iyulun 12-də sən. Əminəm ki, orada da bir yerdəsiz. Nədən danışırsız, nəyi müzakirə edirsiz, elə bilmək istərdim ki?! İnanmazsan, bəzən öz-özlüyümdə nə danışdığınızı təxmin edirəm. Yəqin ki sən: “Neyləməli, göz görür, ağlım kəsir. Mən günəşi göydə dana bilmirəm” deyirsən. Abbas Səhhət isə sənə : “Sən mükafatını insanlığa xidmətdə ara” deyə cavab verir. Sən deyirsən ki: “Amalımız, əfkarımız ifnayi vətəndir”. Abbas Səhhət də səsinə səs verir. “A hürruyyət, a münfərid əməlim, iştə sənsən səadəti bəşərin!” deyir.

Mirzə Ələkbər, Abbas Səhhətə de ki, biz də hürriyyəti sevirik. Baxmayaraq ki, bu hürriyyət deyilən zad bizə çox baha başa gəldi. Onu qazanmağımızın bu gün sabah 30 ili tamam olacaq, amma müqabilində 20 faiz torpağımızı itirmişik. Erməninin dabbaqda gönünə bələdsiz, onların murdar üzünü şəxsən sən 1905-ci ildə görmüsən. Amma daha pisini Abbas Səhhət görüb. 1918-ci ildə. Onda sən 7 ildir ki, haqqın dərgahındaydın. Abbas Səhhət isə Şamaxıda erməni qırğınlarının baş verdiyini görüb.

1918-ci ildə böyük şair Məhəmməd Hadi həmin ilin iyulunda vəfat etmiş Abbas Səhhətin dolayısıyla erməni soyqırımının qurbanı olduğunu yazırdı. “Şirvanlı şair Şirvan faciəsi əsasında başqaları kimi şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir kaç yerlərdə sər-səriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat eylədi».

Əsrin sonunda da 1 milyon adam tərk elədi öz doğma yurd-yuvasını, şair. Xocalının və işğal olunan 8 rayonun timsalında bu millət nələr çəkdi, nələr gördü.?! Amma dünya görmür. Kor olub dünya, Mirzə Ələkbər. Görsəydi, bir həftə əvvəl Füzulidə öldürülən 18 aylıq körpəni görərdi. Onun çar-naçar qalan ata-anasının harayını eşidərdi. Amma yox, nə görən var, nə eşidən var. Bəs siz necə? O mələyi cənnətdə görmüsüzmü? Bilirəm, orada belə körpələr minlərlə, milyonlarladır. Amma Zəhra onların arasında ən kiçiyidir yəqin. Axı, o hələ süd əmirdi, ana quzusuydu. Onu ovundurun şair, heç olmasa ona laylay çalın. Abbas Səhhət məşhur şeiri üstündə Zəhraya bayatı desin. Dağda darılar Sünbülü sarılar Qoca qarılar Bu balama qurban. Mirzə Ələkbər, səndən bir təvəqqem daha var. Nəbadə, “Uşaq və buz”u Zəhraya oxuyarsan haa. Amandır şair, oxuma. O heç həyatında buz görmədi ki…!! Odun-alovun içində doğuldu. Dərs nədir bilmədi, məktəb nədir tanımadı. Tanıdığı eləcə mərmi düşən həyətləri oldu… Və bir gün də həmin həyətdə şəkərbura ayaqları Üzüldü ..birdən-birə Düşdü üzüstə yerə. Sən Allah, şair, Abbas Səhhətə de ki, balaca Zəhranın səhhətinin də qayğısına qalsın. Axı, o həm də həkim idi. De ki, balaca mələyin yarasından qan axmağa qoymasın. Sənin bişirdiyin sabunla o tifilin yarasını yaxşı-yaxşı yusun. Elə bilmə ki, bu dünyada sabun yoxdur. Var, var, o qədər sabun var ki!. Di gəl, təmizə çıxarmır. Nə qədər sabunlanırıqsa, o qədər kirlənirik…

Nə isə, Mirzə Ələkbər! Yazsam, məktub nədir, bir Hop-Hopnamə olar. Amma daha səni yormuram. Onsuz da bu dünyadan yorulub, usanıb getmişdin…

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info





loading...