Şöhrət və ya unudulan qadın - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 27 Dekabr 2017 14:46

Bu gün aktrisa Safura İbrahimovanın doğum günüdür

Onun haqqında ən qorxunc xəbərləri televiziyada işləyəndə eşitmişdim. Danışırdılar ki, illərdir mənzilinin qapısını heç kimin üzünə açmır. Kİmsə təkidlə döysə, qapını azca aralayıb adamların üstünə qaynar su atır. Saçları həmişə pırtlaşıq, paltarı cırıq-cındır olur. Qısası, dəli obrazı yaratmışdılar Safura İbrahimovadan. Biz isə onu mələk kimi gözəl görmüşdük ekranlarımızda. Çöhrəsi, səsi bir mükəmməllik simvolu idi. Yadınıza salın təkcə “Alma almaya bənzər”dəki Mədinəni. Əynindəki çit dona, başındakı ləçəyə rəğmən ekranın bu üzündəkiləri gözəlliyi ilə valeh etmişdi. Oynadığı bütün rolları tamaşaçıya sevdirə bilirdi Safura xanım.

Onunla son iki ildə iki dəfə görüşmək imkanım oldu. Qapını heç kimin üzünə açmayan Safura xanım ANS-in əməkdaşlarının üzünə açmışdı. Dəvət etmişdilər, verilişlərdən birinə gəlmiş və mən də fürsətdən istifadə edib onun haqqında “Xəbərçi”yə bir süjet hazırlamışdım. Əlbəttə ki, çətinliklə razı salmışdım onu. Əynindəki yaşıl rəngli köhnə koftasının efir üçün olmadığını əsas gətirirdi. Onu inandırmışdım ki, paltarı köhnə, ucuz ola bilər, amma içərisindəki çox qiymətli bir sənətkardır. Tamaşaçıya isə paltarın yox, sənətkarın parıltısı lazımdır. Məni qucaqlamış, birlikdə qrim otağına getmiş, yüngülvari makiyajdan sonra çəkilişə başlamışdıq. Süjetimdən o qədər razı qalmışdı ki, üstündən bir il sonra Şıxəli Qurbanovdan bəhs edən “Bahar oğlu” sənədli filmini çəkəndə məni qırmadı. 1969-cu ilin ilk Novruz bayramının Bahar qızı kimi Şıxəli Qurbanovla bağlı köhnə xatirələrini bölüşdü. Həm də darısqal, təmirsiz, dağınıq mənzilində. O mənzildə bircə gözəllik vardı. O da Səfura İbrahimovanın özüydü. Bir də ötən əsrin 70-ci illərindən bəri qoruyub saxladığı üzərində öz şəkili olan açıqca. Deyirdi ki, SSRİ miqyasında onu həm də bu şəklə görə sevirdilər. Hər dəfəsində 80 min tirajla bir neçə dəfə çap olunmuşdu bu şəkil. Şəkildən boylanan ağ papaqlı aktrisa ağ atlı şahzadə üçün yaranmış kimi görünür.

Təəssüf ki, Safura İbrahimovanın ağ atlı şahzadəsi ona nə uşaq, nə də xoşbəxtlik verə bildi. Əslində Azərbaycanda sənətlə məşğul olan əksər xanımların oxşar taleləri var. Nadir hallarda onlar ağ atlı oğlana ərə gedirlər və ümumiyyətlə ərə gedirlər. Onlara çox vaxt məşuqə gözü ilə baxılır, onlar da şöhrətin burulğanında  ailəni deyil, azad həyatı seçirlər. Və bir də baxırlar ki, ömür adlı qatar ötüb keçib, nə ailə var, nə oğul-uşaq, nə də sənətin kiməsə lazımdır. Çünki səhnə daha gənc aktrisalara verilib. Onlar istedadlı olmaya da bilərlər, amma gənc və gözəldirlər. Safura İbrahimova da işlədiyi Dövlət Dram Teatrından buna görə getdi. Ona yaşını xatırlatmışdılar, rol verməmişdilər, maaşını artırmamışdılar, dolayısıyla qapının yolunu göstərmişdilər. O da sakitcə evə gəlmiş, qapıları bərk-bərk bağlamış, məşhurluğun arxasında gizlənən, pusquda duran və hər an özünü qabağa atmağa çalışan depressiyaya qucaq açmışdı. Safura xanımın qapı döyənlərin üzünə atdığı qaynar su da məncə düşdüyü böhran vəziyyətin fəsadı deyildi. İçində qaynayan sənət eşqi idi ki, onu söndürə bilənə qədər adamların üzünə çırpdı, çırpdı və nəhayət sakitləşdi. Şükür ki, indi ara-sıra mətbuata da çıxır, telefonlara da cavab verir.

Bu gün ona zəng elədim. Əvvəl məni xatırlamadı. “Dayan görüm Ləman…. Ləman kim idi? ” dedi. Sonra “familiyan nədir?” soruşdu. “Ələşrəfqızı” dedim,”həəə, indi tanıdım” dedi. Ad gününü təbrik elədim, “əşi nə ad günü ay qızım, mən neçə ildir ad günü keçirmirəm, hamı yığılıb gəlir, gəl indi 4 saat onlara qulluq elə. Bu nədir, mən bəyəm qulluqçuyam? “ deyə gileyləndi.

Yadıma, “Arşın mal alan”dakı qulluqçu Telli düşdü. Nökər Vəlinin gənc, gözəl nişanlısı Telli. Soltan bəy, “ay qız, Telli” deyən kimi yüyürərək gəlirdi. İndi Tellinin ayaqları tutulub. Öz təbirincə desək, canıyla əlləşir. Şekspir hamını aldadıb. Həyat səhnə -zad deyil. Həqiqətən deyil!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info