Gununsesi.info xəbər verir ki, Naxçıvan Hava Limanında eniş edən təyyarənin Gəncəyə uçuşu davam etdirməsi bir neçə saatlıq gecikib.

Türk Hava Yollarının Gəncəyə təşkil etdiyi reyslər, Naxçıvan üzərindən həyata keçirildiyinə görə, Naxçıvanda dayanıb. Lakin hava limanında sərnişinlərə məlumat verilib ki, Gəncədə hava dumanlı olduğu üçün reys gecikəcək. Bu məlumatdan 2 saat keçməsinə baxmayaraq, hələ də təyyarə havaya qalxmayıb. Sərnişinlərin bir çoxu Gəncədəki yaxınları ilə telefon əlaqəsi saxlayıblar və bu zaman Gəncədə dumanın çəkildiyini deyiblər.

Türk Hava Yollarının təmsilçisi isə bildirib ki, guya Gəncədə hava düzəlməyib və bu səbəbdən də təyyarə birbaşa İstanbula qayıdır. Bu isə Gəncəyə getmək istəyən, lakin Naxçıvan Hava Limanında çarəsiz qalan sərnişinlərin kəskin etirazına səbəb olub.

Görünən odur ki, Türk Hava Yollarının təmsilçisi sərnişinləri aldadır. Çünki sərnişinlər Gəncə ilə əlaqə saxlayıblar, onlara havanın düzəldiyini və dumanın çəkildiyini bildiriblər. Belə çıxır ki, təyyarə Gəncəyə endikdən sonra İstanbula qayıtmalıdır, gecikdiyinə görə insanları yenidən İstanbula qaytarır.

Qeyd edək ki, sərnişinlər Türk Hava Yollarının təmsilçisindən onları ya Bakıya, ya da Tiflisə çatdırmağı tələb edirlər.

Nəzərinizə çatdırırıq ki, Türk Hava Yollarının İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi. Bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin verdiyi açıqlamaya görə, AZAL-ın uçuşları qrafikə uyğun aparılır: “AZAL-ın bu gün qrafik üzrə Gəncəyə uçuşları yoxdur”.

Rusiyada yağan güclü qar səbəbindən aviareyslərin gecikməsinə münasibət bildirən P.Kəsəmənski bildirib ki, artıq təyyarə “Vnukova” aeroportundan havaya qalxıb, “Domodedovo” aeroportundan isə bir qədər sonra uçuş başlayacaq: “Bizdə hər şey cədvələ uyğun gedir. Heç bir problem yoxdur”.

Gununsesi.info