Tütün məmulatlarının istifadəsi məhdudlaşdırıldı - SULU QƏLYAN QADAĞAN OLUNDU

  • By admin
  • 01 Dekabr 2017 12:28

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun üçüncü oxunuşda müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanunun əvvəlki oxunuşları zamanı millət vəkilləri öz fikirlərini bildirib.

Qanunda müəssisə və dövlət binalarında siqaret çəkənlər üçün xüsusi yerin ayrılması nəzərdə tutulur: “Lakin bir çox idarə və müəssisələrin  siqaret çəkmək üçün xüsusi yerlə təmin etmək üçün imkanlarının olmadığını bildiriblər. Bu müəssisələrin binaları kiçik olması və digər  səbəblərdən belə şərait yarada bilmədiklərindən siqaret çəkmək üçün açıq hava şəraitində yer ayrılmasını təklifi qanun layihəsində öz əksini tapıb”.

“Azərbaycanda yaşları 20-44 arasında olan kişilərin 30 faizi, 45-64 yaşda olanların isə 51 faizi siqaret çəkir” deyən Hadı Rəcəbli qeyd edib ki, onların hər biri hər gün orta hesabla 16 ədəd siqaret çəkir: “Siqaret çəkməyib, tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,13 faizdir”.

Müzakirə zamanı deputat Əhliman Əmiraslanov deyib ki, qanun qəbul olunduqdan sonra onun icrası zəruridir və bunu yaddan çıxarmaq olmaz: “Əgər qanunun icrasına ciddi nəzarət olunmazsa, onun effekti olmayacaq”.

Deputat qanunda sulu qəlyanın istifadəsinin qadağan olunmasını çox düzgün qərar adlandıraraq deyib ki, opponentlərin bir çoxu deyir ki, onun tərkibində tütün yoxdur: “Lakin sulu qəlyanın tərkibindəki  tüstünün və aromatlarından əmələ gələn maddələr orqanizm üçün çox zərərlidir. Bu maddələrdən əmələ gələn tüstü bir çox infeksion xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də qanun layihəsində sulu qəlyanın qadağan olunması çox düzgün qərardır”.

Açıq yerlərdə siqaretin çəkilməsi ilə bağlı məsələyə mövqeyini bildirən deputat Siyavuş Novruzov qeyd edib ki, hər açıq deyilən yerdə siqaretin çəkilməsi də düz deyil: “Siqaret nəzərdə tutulan yerlərdə çəkilməlidir”.

Məsələyə reaksiya verən Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, sizin dedikləriniz əvvəlki oxunuşlarda deyilib və bu təkliflərin hamısı qanunda əksini tapıb: “Qaldı ki, tütündən istifadənin məhdudlaşdırılması məsələsinə, artıq ölkə başçısı bu məsələ vaxtı ilə Balakəndə qaldırılanda cavab verib. O zaman ölkə başçısı dedi ki, tütün əsasən ixrac edilmək üçün nəzərdə tutulur. Odur ki, bundan narahat olmağa dəyməz”.

Müzakirələrin yekunu olaraq  qanun səsə qoyularaq qəbul edilib.

Mürtəza

Gununsesi.info