Üçüncü günün adamı - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 29 İyun 2017 17:42

leman

Nizami Kino Mərkəzinə özümü qaranəfəs çatdırdım. Yox, Özcan Dənizin sevgi filminin təqdimatı deyildi, Qarabağ mövzusunda çəkilmiş “Üçüncü günün adamı” filminin mətbuat nümayəndələri üçün qapalı nümayişi idi. Məni də dəvət etmişdilər. Sağ olsunlar, həm dəvət üçün, həm də Qarabağ mövzusunu gündəmdə saxladıqları üçün.

Kiçik bir zalda az sayda tanış üzlər gördüm. Kənan Hacıdan bir adam o tərəfdə keçib oturdum. Maraqla filmin başlamasını gözlədim. Çünki filmin anonsunu əvvəlcədən dostumuz Qan Turalı inboxda vermişdi. Demişdi ki, kəlbəcərli girovlardan bəhs edir. Kəlbəcərli girovlardan – Dilqəm Əsgərovdan, Şahbazdan azı on dəfə süjet hazırlayan biri kimi filmi görmək üçün lap səbirsizləndim. Hövsələm çatmayıb yanımda oturan Kənan Hacıdan rejissorun kimliyi ilə də maraqlandım. Dedi ki, Babək Şirinsifətdir. Dərhal yadıma onun çəkdiyi “Sıfır saatının qatarı”sənədli filmi düşdü. Qarabağdan didərgin düşənlərin taleyinə həsr olunmuş bu filmə illər qabaq ürək ağrısı ilə baxmışdım. Yenə də mövzu Qarabağdır və yenə də qarşımızda Babək Şirinsifətin… Yox, şirin sifəti deyildi.

Filmin prodüseri Müşfiq Hətəmov dedi ki, rejissor üzrlü səbəbdən tədbirdə iştirak etmir, amma təqdimata mütləq qatılacaq. Təqdimat isə sabah olacaq – ayın 30-da. Şəxsən mən təkrar bir də gedib baxacam bu filmə. Təkcə Qarabağdan bəhs etdiyi üçün yox, həm də qara günlərimizin salnaməsi olduğu üçün gedib baxacam. Bir də ona görə baxacam ki, burda əla aktyor oyununu izlədim. Hansı ki, Mehriban Zəkini və daha bir-ikisini istisna etsək, onlardan çoxunu heç tanımırdım da. Amma film bitib işıqlar yananda aktyor heyətinə ürəkdən təşəkkür elədim. Xüsusilə baş rolun qəhrəmanına – Hikmət Rəhimova. Bu aktyor “taxtabiti yuvası” adlandırdığı “Azdrama”nı qalmaqallı şəkildə tərk etməsi və ardınca da Fuad Poladov kimi nəhəngin istefasına səbəb olması ilə yadımda qalmışdı. İndi onun oyununa baxanda “Fuad Poladov hər aktyora görə istefa verməzdi. Deməli, dəyərmiş” deyə fikirləşdim.

Hikmət Rəhimov bu filmdə 17 il həbsxanada yatan Sadiqi oynayır. O cəza evindən çıxanda rayonu işğal edilmiş, doğmaları dünyadan köçmüşdü. Qatarla Gəncəyə gələn keçmiş məhbus Moskva bazarında alver edən bir həmyerlisi ilə rastlaşır. Eşidəndə ki, yol yoldaşı tez-tez işğal olunmuş Kəlbəcərə gedir, doğmalarının qəbrini ziyarət edir, məhbusun kefi durulur. Nəhayət ki, o da doğma kəndinə, əzizlərinin ruhu dolaşan evlərinə gedə biləcək. Film boyu rejissor tamaşaçını gərginlikdə saxlaya bilir. Bu iki eloğlunun, təsadüfi tanışın işğal altında olan əraziyə keçməsi, öz niyyətlərinə çatmaq üçün etdiyi fədakarlıqlar, doğmalarının qəbrini ziyarət etmək üçün ölümü belə, göz altına almalarını nəfəsini dərmədən seyr edirsən.

19578221_1877558679160879_1759988796_n

Sadiq xaraba qalmış evlərinə gəlir. Onu burda qarşılayan anası yoxdur. Anasının dərs dediyi məktəb isə beş addımlıqdadır. Müharibənin nəfəsi gəzən sinif otaqlarında zaman donub. Zaman balaca məktəblinın skletini də sanki biologiya kabinetinin ekspanatı kimi qoruyub saxlayıb. Bir vaxtlar sinif otaqlarını bəzəyən klassiklərin şəkilləri də ətrafa səpələnib. Qəhrəmanım bu anda nə fikirləşir bilmirəm. Amma mən bir tamaşaçı kimi fikirləşirəm: ”Görəsən, sağ olsaydılar, onlar bu vandalizmə nə ad verərdilər? Məsələn, xan qızı Natəvan iki əsr sonra da “driğa kim, vəfasızdır bu gülşən….” deyərdimi? Və yaxud Molla Pənah Vaqif “Mən cahan mülkündə mütləq-doğru halət görmədim, hər nə gördüm əyri gördüm özgə babət görmədim” deyərək hayqırmazdımı?..

Filmin qəhrəmanları balaca uşağın sümüklərini dəfn etmək üçün yaxınlıqdakı qəbristanlığa gətirirlər və burda təzə qazılmış boş qəbir görürlər. Əcəba, kim ola bu adam? Ermənidirsə, onun azərbaycanlı qəbristanlığında nə işi? Azərbaycanlıdırsa, burda tək-tənha necə yaşaya bilib? Filmi başdan-ayağa danışmaq fikrim yoxdu. Çünki baxmaq istəyən kinoteatrda gedib baxa bilər. Sadəcə demək istədiyim bir-iki məqam var. Bu film azərbaycanlıların xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlərini açıb ortaya qoyur. Bu özünü təkcə körpənin sümüklərinin dəfnində göstərmir. Sadiqi oğlunun qatili kimi qəbul edən boş qəbirin sahibinin sonrakı davranışlarında da biz bunu görürük. Film həm də qəhrəmanların arasındakı dialoqla dünyaya bir mesaj ötürür: Onlar diversant deyil, onlar sadəcə yurd yeri üçün burnunun ucu göynəyən vətənpərvərlərdir. Onlar öz evlərindən ötrü qəribsəyən, öz uşaqlıqlarının axtarışına çıxan vətənsizlərdir. Onların bir missiyası var: torpaqları geri qayıtsın, evlərinə dönsün, doğmalarının qəbirlərinə sahib çıxsınlar.

Bu filmdə “arı pətəklərinə skripka çalan” qız da, Sadiqin bir ömür sevgisinə sadiq qaldığı qız da var. Hərəsi öz həqiqətləri, hərəsi öz bədbəxtlikləri ilə yadda qalır. Mənimsə bu filmdə yadımda qalan erməni hərbçisinin istehza dolu replikası olur. Onu ağaca bağlayan qəhrəmanlarımızdan “hara gedirsiz?” soruşur erməni. Sanki cümləsini belə bitirəcəkdi. “Axı deyirsiniz ki, bura sizin vətəninizdir”. Sonunda Sadiq fikrindən daşınır. Səfər yoldaşını yola salıb geri qayıdır – işğal altında olan yurd yerinə. Məncə onu geri qaytaran təkcə vətən həsrəti deyil, həm də erməni hərbçinin kinayəsidir.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info