Uzürlü və üzürsüz səbəblərdən uzun müddət otaq şəraitində yaşamaq, təmiz havaya çıxmamaq insanları halsız, həvəssiz və xəstə edə bilər. Bu, əsasən də azyaşlı uşaqların həyat tərzinə daha pis təsir edir. Belə uşaqlar tez-tez səbəbsiz olaraq xəstələnirlərr. Xüsusilə də qış aylarında insanlar günün böyük hissəsini həyət-bacadan təcrid olunmuş vəziyyətdə yaşayırlar. Əsasən də, qarın bol yağdığı uzaq dağ kəndlərində. Şəhər mühitində yaşayanlar da isə il boyu kondisionerdən istifadə otağın havasını korlayır.
Gununsesi.info bu problemi aradan qaldıran vasitələri təqdim edir. Bunun üçün isə evdə və iş otaqlarında haqqında danışacağımız bitkiləri saxlamaq vacibdir.
Ev bitkiləri dekorasiyaya gözəllik bəxş etməklə yanaşı, həm də insanın sağlamlığına yaxşı təsir göstərir. Lakin ev şəraitində saxlamaq üçün bitki seçərkən onun havanı təmizləmək xüsusiyyətinin dərəcəsinə də diqqət yetirmək vacibdir. Belə bitkilərdən ən çox tələbatın artdığı aloe-veradır. Aloe-vera havanı təmizləyən 3 bitkidən biridir. Bu bitki uzun illərdir ki, xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə edilib. Aloe-vera havanı təmizləyir. Ona görə də otağın daxili həcmini nəzərə alıb dibçəklərin sayını artıra bilərsiniz. Bu bitki o qədər də qulluq tələb edən deyil. Çünki quraqlıq bitkisi olduğundan suyu sevmir. Onu həftədə bir dəfə sulamaq kifayətdir.
İkinci belə bitki isə sarmaşıqdır. Sarmaşığı, adətən, divarların və hasarların üzərində görməyə alışmışıq. Ancaq bu bitkini qapalı məkanlarda da saxlamaq mümkündür. Həmişəyaşıl xüsusiyyətli sarmaşıq otağınızın havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin edəcək. Xüsusilə də, ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə, həmçinin, beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq.
Qapalı otaq şəraitində havanı daha çox təmizləyən üçüncü bitki isə kala hesab edilir. Bu bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırmalar təsdiqləyib ki, kala mühitdəki formaldehit və ammonyak elementlərini tamamilə təmizləyir. Odur ki, otaqlarınızda dibçəklərinizin sırasına daha üçünü də əlavə edin.
Gülnaz Qənbərli
Gununsesi.info