“Videoda səslənən fikirlərin heç biri həqiqətə uyğun deyil” - ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ

  • By admin
  • 19 Yanvar 2018 17:56

“Bu günlərdə “facebook” sosial şəbəkəsində Abşeron rayonunda evi sökülən sakin haqqında video yayılıb. Bu video həqiqətdən uzaq, şantaj, təxribat xarakterli olmaqla birmənalı olaraq vəzifəli şəxslərin nufuzuna xələl gətirilməsinə hesablanmış bir addımdır”.

Bu barədə məlumatı Gununsesi.info-ya Abşeron Rayon İcra Hakimiyyətindən veriblər.

Məlumatda bildirilir ki, özünü Qarabağ əlili adlandıran həmin şəxs heç vaxt Abşeron Rayon İcra Hakimiyyətində olmayıb, rayon rəhbərliyi ilə görüşməyib və onlarla ünsiyyət qurmayıb: “Videodakı vətəndaşın ev inşa etməyə çalışdığı ərazi tamamilə başqa bir şəxsə aiddir və başqasının ərazisində ev tikməyə cəhd edib. İki vətəndaş arasında olan məsələdə rayon İcra Hakimiyyətinin adının hallandırılması anlaşılan deyil. Eyni zamanda videodan da açıq-aydın görünür ki, həmin ərazidə heç bir yaşayış evi yoxdur. İkinci bir tərəfdən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən, ümumiyyətlə, söküntü işləri həyata keçirilmir və videoda səslənən fikirlərin heç biri həqiqətə uyğun deyil”.

Məlumatda daha sonra əlavə olunur ki, sözügedən ərazidə yaşayış evlərinin olmadığı da diqqətdən yayınmamalıdır: “Hər bir vətəndaş ölkənin qanunvericiliyinə hörmət etməli və qanunların tələblərini yerinə yetirməlidir. Bir daha qeyd etmək istərdik ki, sözügedən videoda səslənən fikirlər uydurulmuş, şantaj xarakteri daşıyaraq bu günə qədər aparılan məqsədli kampaniyanın tərkib hissəsidir”.

Vüsalə

Gununsesi.info