Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Mingəçevir olub – FOTOSESSİYA

  • By admin
  • 23 Aprel 2017 16:42

 1-1

 

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şəmkirdən sonra növbəti ünvanı Mingəçevir olub.

APA-nın xəbərinə görə, Mingəçevir şəhərində su səyahətinə Kür çayından su götürülməklə start verilib.

Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini  Kür çayının suyu ilə dolduraraq şəhərdəki Heydər Əliyev parkında keçiriləcək “Su festivalı”na yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə bu idman tədbirində uğurlar arzulayıblar.

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə öz qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Mingəçevir şəhər 3, 10 saylı orta məktəblərin və texniki humanitar liseyin şagirdləri müvafiq olaraq I-III yerləri tutublar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində bu gün axşam saatlarında Mingəçevir şəhərindəki Heydər Əliyev parkında “Su festivalı” keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.         3-1

12

 

Gununsesi.info