“Xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib…” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 27 Fevral 2017 17:31

siyavus

“Dini mənsubiyyət faktorun qabardaraq insanlar arasında təfriqə salmaqla xaos  yaratmaq  günümüzün xoşagəlməz reallığına  çevrilib. Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır  cinayətlərin miqyası getdikcə  genişlənməkdədir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, radikal dini təşkilatlar  yaratmaq və yaxud  maddi-texniki  dəstək verməklə öz  məkrli planlarını həyata  keçirməyə  çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə  dərinləşdirməyə,  İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına  mane  olmağa və  nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət  daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa  cəhd  göstərirlər.

“Bu gün acı həqiqətdir ki, bəzi ölkələr  arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya  və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar  olsun ki,  bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı  bahasına  başa  gəlir.  Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər  müsəlman ölkələrində baş verən qanlı  olaylar buna  misal  ola  bilər.

Odur  ki, müsəlman dünyasında  bugün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq  üçün alternativ yollar  arayıb tapmağa  daha  çox  ehtiyac var. Bu cür  xoşagəlməz halların qarşısını almaq  üçün dünyaya  İslamın sülh dini olduğunu  və  müsəlmanların  terrorçu deyil, hansı dini və ya  etnik konfessiya  nümayəndəsi  olmasından asılı olmayaraq hər  kəsə  dözümlü,  bərabər  yanaşan toplumlar  olduğunu çatdırmağa ehtiyac duyulur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info