“Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu - 18 İL 2 AY

  • By admin
  • 11 Dekabr 2017 16:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti öldürməkdə təqsirləndirilən Elxan Ağayevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, hakim Mayıl Bayramovun icraatında olan prosesdə E.Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2017-ci il martın 22-də Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Məhkəmədə E.Ağayev onu öldürdüyünü  etiraf edib: “Evimə əlində bıçaqla gəlmişdi, məni vurmaq istəyəndə onu qabaqlayıb vurdum. Mərhumun qızı Aytən Baləhmədova isə deyib ki, Elxan onların evinə gələrək atasını öldürüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb. Mərhum B.Baləhmədov da 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

E.Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Gununsesi.info