Yaşlı namizədlərin hamısı imtahandan kəsilib - CƏDVƏL

  • By admin
  • 21 Fevral 2018 11:10

Dövlət İmtahan Mərkəzi 18 fevral 2018-ci ildə inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.

Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 152 nəfəri (75 kişi və 77 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 235 nəfər (150 kişi və 85 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 450 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 16 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Ümumi məlumat

Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
20-24 407 152 37.3
25-29 671 235 35.0
30-34 267 63 23.6
35-39 97 9 9.3
40-44 47 6 12.8
45-49 18 1 5.6
50-54 12 0 0.0
55-59 14 0 0.0
60-64 4 0 0.0
Cəmi: 1537 466 30.3

Kişi və qadınlar üzrə məlumat

Cinsi Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
Kişi 20-24 234 75 32.1
Kişi 25-29 433 150 34.6
Kişi 30-34 166 42 25.3
Kişi 35-39 67 4 6.0
Kişi 40-44 33

4 12.1
Kişi 45-49 12 0 0.0
Kişi 50-54 10 0 0.0
Kişi 55-59 12 0 0.0
Kişi 60-64 3 0 0.0
Kişilər üzrə cəmi: 970 275 28.4
Qadın 20-24 173 77 44.5
Qadın 25-29 238 85 35.7
Qadın 30-34 101 21 20.8
Qadın 35-39 30 5 16.7
Qadın 40-44 14 2 14.3
Qadın 45-49 6 1 16.7
Qadın 50-54 2 0 0.0
Qadın 55-59 2 0 0.0
Qadın 60-64 1 0 0.0
Qadınlar üzrə cəmi: 567 191 33.7
Yekun: 1537 466 30.3

Gununsesi.info