Yaxın gələcəkdə Qarabağ məsələsində anlaşma ola bilər - SİYASİ İCMALÇI

  • By admin
  • 23 Avqust 2017 18:01

qarabagf

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən anlaşmalar gözlənilir.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi icmalçı Xaləddin İbrahimli  Qarabağ ətrafında, bölgədə və Ermənistan prezidentinin Putinlə bu gün Soçi görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyadakı böhran nöqtələrində (Suriya-İdlib, Qətər, Tayvan) Türkiyə Rusiya ilə razılaşdırılmış hərəkətlər edir, hərbi texnika və silah alış-verişi ilə yeni əlaqə vektoru yaranıb. “Məntiq onu deyir ki, iki önəmli ayrılma nöqtəsində də Dağlıq Qarabağ və kürd  məsələsində də bu yaxınlarda müəyyən anlaşmaların şahidi ola bilərik. Yəni bu, mümkündür və gözləniləndir”- deyə, siyasi icmalçı vurğulayıb.

Onun fikrincə, hazırda üfüqdə Rusiya, Türkiyə, Çin, İran alyansı görünür və bu alyans Suriyanın, İraqın ərazi bütövlüyünü qorumaqla yanaşı, ABŞ-ın Yaxın Şərqdə yeni münaqişə ocaqları yaratmasının qarşısını ala və Əfqanıstana sülh gətirə bilərlər: “Düzdür, bu çox ziddəyyətli alyans olsa da, ABŞ-a qarşı məcburən bir araya gəlmiş kimi görünürlər və deyəsən, onu Avrasiyanın önəmli nöqtələrindən kənara çıxartmağa çalışırlar”.

Qarabağ məsələsinə gəldikdə X.İbrahimli deyib ki, əgər Rusiya və Türkiyə Yaxın Şərqdə strateji yönlərdə müştərək hərəkət edirsə, bu, başqa bölgələrdə niyə olmasın: “Məncə, bu görüşlərdə Qafqazlar da ortaq maraq nöqtəsi kimi müzakirə edilir. Amma bu, o demək deyil ki, Dağlıq Qarabağ problemi Azərbaycanın istədiyi kimi həll olunacaq. Türkiyə bu  prosesin içində olduğundan münaqişə Ermənistanın istədiyi kimi də həll olunmayacağına əmin ola bilərik”.

X.İbrahimli onu da əlavə edib ki, görünən ABŞ-ın oyundan uzaqlaşdırılmasıdır. “ATƏT-in Minsk Qrupu tarixə gömülür, Qafqazdakı münaqişələr iki dövlət arasındakı müzakirələrin predmetinə çevrilir. Bu nə qədər davam edəcək, nə ilə nəticələnəcək söyləmək çətindir. Rusiya Türkiyə müzakirələrinin detalları iki tərəfə də deyiləcək. Amma hələ öndə duran Suriya və İrak böhranıdır. Məncə, bu böhranlar 2018-ci ilədək  çözüləcək. Odur ki, ABŞ-ın durumu yaxşı deyil”- deyə, siyasi icmalçı bildirib.

Mürtəza

Gununsesi.info