Yeddi arşın quyu - VƏ..ZAHI QADINA VERMƏK İSTƏDİYİM SUALLAR

  • By admin
  • 01 Avqust 2017 17:36

leman

Bir neçə gündür qulağıma təzə doğulan körpənin çığırtısı gəlir.Pəncərəyə yaxınlaşıram, həyətə boylanıram, qapını açıb çölə çıxıram, bəni-adəm yoxdur. Qayıdıram, yenə qulaqlarımda həmin çığırtıdır. Sanki quyunun dibindən gəlir. İlahi, mənim qulağımı yağır edən bu səs o körpənin anasını narahat etmirmi görəsən? Onu öldürmürmü, məhv eləmirmi, dünyasından qoparıb aparmırmı?

Ürəyimdən o zahı qadının yanında olmaq ona ürək-dirək vermək, onunla dərdləşmək keçir.. Axı postnatal dövrün nə demək olduğunu onu bir tək yaşayan bilir. Mən bilirəm onun acısını. Mən bilirəm onun depressiyasını. Mən bilirəm uşaq dünyaya gətirməyin sevincinin ardınca gələn böyük Kədəri. O kədər məni səbəbsiz ağlamaqlara vadar edib. Yuxuma qənim kəsilib. Gözümü yumsam bir daha ayılmayacağımın dəhşətini yaşamışam o günlərdə. Və məhz o günlərdə başa düşmüşəm ki, Allah insanlara yuxunu niyə elə yuxu kimi göndərir? Sakit, rəvan, hiss etmədiyin tərzdə. Əgər yuxu kipriklərinə sakitcə qonmasa və sən yuxuya getdiyini ayıq başla dərk eləsən bilirsiz nə baş verər? Mən də bilmirdim. Yuxuya getməyin ölümün başqa üzü olduğunu o həssas günlərimdə bağıraraq, “yox mən yatmıram, yatmaq istəmirəm, yatsm öləcəm ” deyib yerimdən dik atılanda dərk eləmişəm.

Bir də daranmamaqdan yumağa dönən saçlarımın düyünlərini kəsəndə anlamışam ki, mən dünya boyda depressiyanın içindəyəm. Buna həyatın dibi də, elə quyunun dibi də demək olar. Amma bütün bu darmadağın əhvalına rəğmən sən ən yaxşı anasan. Körpənin qulluğunda sutkanlın 24 saatı farağat duran ana! Özünə ziyan eləsən də, balana zərrə qədər də ziyanın dəyməz. Və zahılığın bitdiyi 6 həftədən sonra körpənin üzünə dikilən gözlərinə bəxtəvərliklə baxıb pıçıldayırsan: Xoş gəldin həyatıma. Mən sənin ananam!

quyu

Bəs bu bütün analarda belə olurmu? Bax bu sualın cavabını bilmədiyim üçün körpəsi quyuya atılan və deməli özü də “yeddi arşın quyu”nun dibində olan qadınla görüşmək keçir ürəyimdən. Adını belə bilmədiyim o anaya veriləcək o qədər suallarım var ki….

Məsələn, soruşmaq istəyirəm ki, 6 günü necə keçirdi balasıyla?

Nəfəsini, qoxusunu doya-doya ciyərlərinə çəkdimi?

“Uşağı yatdıranda böyrü üstə yatdır”-deyən həkimin məsləhətini xatırlayıb, balasının birdən üzü üstə düşəcəyindən qorxaraq neçə dəfə dəli kimi yerindən sıçradı?

Körpəsinin mışıl-mışıl yatdığını görəndə dərindən nəfəs aldımı? Bəs gözünü açıb onu yanında görməyəndə nə hisslər keçirdi?

Kimdən soruşdu Mələyinin yerini? Ərindənmi, qaynanasındanmı, özündənmi? Hə, dostlar, çox suallar var ki, bu gün sahibini axtarır. Çox suallar var ki, cavabsızdır. Baxıram hamı “qatil ata”dan danışır. Bəlkə də buna səbəb qadının iki hamiləliyini qız uşağı olduğuna görə pozdurmasıdır?

Ölkədə selektiv abortların faiz etibarilə digər abortlardan üstünlüyünü göstərən statistikadır? Hər halda, şəxsən mənim gözüm hər gün xəbər saytlarında bu informasiyanı axtarır.

Kimi dindirdilər, nə ortalığa çıxartdılar, bap-balaca varlığa qıyan qansızı tapdılarmı? Ondan soruşdularmı ki, körpəni quyuya necə atıb? Öldürüb, yoxsa diri-diri? Nə olacaq o canavarın cəzası? Düşündükcə ürəyimdən qara qanlar axır. Körpəsi ölən zahı qadının döşündən axan qara süd kimi.

P.S. Türkiyənin tanınmış yazarı Elif Şafakın “Qara süd” romanını yəqin oxumusuz. Bu əsər avtobioqrafik əsərdir. Əsərdə Elif Şafak zahılıq dövrünü güclü bədii təsvirlərlə qələmə alıb. Çox qadın bu dövrü gərgin keçirir.Hətta balasının canına qıymaq istəyən analar da olur.

P.P. S. Bu əsəri bacımın məsləhəti ilə oxumuşam. O bu əsərin sanki mənim üçün yazıldığını demişdi. 

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info