VİDEO



Müsahibə

Gündəm

Reportaj



Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

XƏBƏR LENTİ

25 Mart 2017

29 Dekabr 2016 - 11:36

Yeganə Cansail:"Geyimlə, məntiqsiz şou ilə, sevgiliylə gündəmdə qalmaq və reklam olunmaq mənə görə deyil..."

yegis3

“…o parıltı üçün qalmaqal ən asan yoldur”

Son zamanlar haqqında danışılanlar ARB Televiziyasında yayımlanan “Ferma” realiti şousunu daha da baxımlı edib. 

Gununsesi.info-nun “Efirdən kənar” layihəsinin qonağı da sözügedən verilişin aparıcısı Yeganə Cansaildir.

Onunla müsahibəni təqdim edirik: 

-Bir neçə ildir ki, aparıcılıq edirsiniz.  Uşaqlıq arzunuzu həyata keçirmisiniz, yoxsa, bu sahəyə gəliş təsadüfi olub?

-Mən ilk dəfə ARB televiziyasında redaktor, layihə rəhbəri, sonralar isə aparıcı olaraq fəaliyyətə başlamışam. Təxminən 5 ilə yaxındır ki, müxtəlif layihələrdə aparıcı olaraq çalışmışam. Son 2 ildir ki, “Ferma”  realiti şounun aparıcısıyam. Televiziya, ədəbiyyat, ümumiyyətlə, incəsənət arzum yox, özümü tapdığım, olmaq istədiyim sahə olub. Mən bu işlə nəfəs alıram, bura aidəm.

-Sizin haqqınızda tamaşaçı az məlumatlıdır. Özünüz haqqında informasiyanı elə özünüzdən almaq istərdik.

-Mənə elə gəlir ki, indi elə bir zəmanədə yaşayırıq ki, istənilən adam haqqında məlumat almaq mümkündür. Bunun üçün sadə yol var- internet. Mən özümü aparıcıdan daha çox yazıçı hesab edirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, prezident təqaüdçüsüyəm,  bir kitabın müəllifiyəm. Baxmayaraq ki, hazırda ədəbiyyatla münasibətlərimiz soyuyub, televiziya məni ondan oğurlayıb, amma bu yay tənbəlliyimi kənara qoyub romanımı çap etdirmək fikrindəyəm.

“Mənim üçün o parıltının fani, qaranlıq tərəfi daha cəlbedici və maraqlıdır…”

-Sizinlə bu sahədə olan bəzi aparıcılar var ki, daha geniş tamaşaçı auditoriyasına malikdir. Məhşurlaşmaq üçün səy göstərməməyiniz xasiyyətinizdən irəli gəlir, yoxsa, başqa səbəbləri var?

-Doğrudur… heç vaxt öz reklamımı, təbliğatımı aparmamışam. Jurnalist həmkarlarım da bunu mənə tez-tez irad olaraq bildirirlər. Mənə elə gəlir ki, məşhurluq, şöhrət…bütün bunlar müvəqqəti  parıltıdan başqa heç nə deyil. Mənim üçün o parıltının fani, qaranlıq tərəfi daha cəlbedici və maraqlıdır. Geyimlə, məntiqsiz şou ilə, sevgiliylə, var-dövlətlə gündəmdə qalmaq və reklam olunmaq mənə görə deyil… bütün bu təbliğatı etmək üçün hər bir imkanım var. Məşhurluq o qədər də alçatmaz deyil. Indi adi insanlar da kiçik bir video sujet ilə də dünyada populyar olma imkanına sahibdir.

-“Tanınmaq üçün qalmaqal etmək lazımdır” bu fikirlə razısınız?

-Baxır, hansı məntiqlə yanaşırsan. Müvəqqəti, dediyim o parıltı üçün bu yol ən asanıdır. Məsələn, mən hansısa həmkarıma daş atıram, elə bu müsahibədə…və o da mənə cavab verir. Beləcə gündəmi zəbt edirik, bu da sənin üçün məşhurluq… Bir də var peşəkarlığı, sənəti seçənlər… İkincilər tarixin, birincilərsə həmin zamanın yaddaşında qalırlar.

“O iki ilin populyarlığını bəlkə həmin gün daha çox yaşamışdım…”

-Etiraf edək ki, bu tanınmağın ən rahat və əziyyətsiz yoludur. Qalmaqal olmasa belə, şəxsi həyatla gündəmdə qalmağa çalışırlar. Əvvəllər bunu müğənnilərə aid etsək də, indi aparıcılar da bu üsula əl atır. Səmimi deyin belə bir addım atarsınız?

-Səmimi deyim ki, heç vaxt heç vaxt demərəm. Gələcəyi proqnozlaşdırmaq mənim əlimdə olmasa da xasiyyətimə bələdəm. Bu kimi hallar mənə yaddır. İki ilə yaxın ədəbiyyat, kitablar haqqında veriliş hazırlamışam. Amma bir dəfə efirdə ayağımın üstündən siçan qaçmışdı, saytlar o qədər reklam etdi ki… O iki ilin populyarlığını bəlkə həmin gün daha çox yaşamışdım. Mənə elə gəlir ki, “Tamaşaçı nə istəyir?” Sualının cavabı da daha önəmlidir…

-Bilirik ki, aparıcılıqla bərabər poeziya da sizi özünə çəkir. Şeirləriniz var. Niyə yazırsınız? Şairlər bu işin öhdəsindən yaxşı gəlmir?

-Televiziyadan öncə jurnalist olaraq saytlarda, qəzetlərdə çalışırdım. Eyni zamanda şeirlər yazırdım. Belə deyək də, ədəbiyyatla, şeirlə nəfəs alırdım. Özüm də həmin vaxtlar bir çox şeirlər yazmışam, çap olunublar. “Göy adamı” adlı ilk şeirlər kitabım nəşr olunub. Lakin televiziya sahəsinə keçəndən sonra bədiilik ikinci plana düşdü. Şeir yazmaq ruh halıyla bağlı prosesdir. Sən istədiyin vaxt oturub yazmırsan. Ramiz Rövşənin gözəl bir sözü var: deyir ki, şairlər başqa bir insan növüdür. Xoşbəxt insan şeir yaza bilməz. Mənsə xoşbəxtliyi seçdim.

“Səmimi etiraf edək ki, bizə bir tamaşaçı olaraq qalmaqal daha maraqlıdır, nəinki intellektual şou”

-İki ildir ki, ARB televiziyasında aparıcısı olduğunuz “Ferma” realiti-şousu son günlər tez-tez tənqid olunur. “Ferma” da nələr baş verir?

-Iş varsa, tənqid mütləqdir. Vay o gündən sən iş görəsən, bazara çıxarasan amma onu nə alan ola, nə də haqqında bir söz deyən ola… “Ferma” realiti şou kifayət qədər gənci əməyə, qazanca alışdırdı. Insanlar burda həyatın çətin üzünü, Bakıda hiss etmədikləri fəsillərin soyuğunu, istisini, gözəlliyini bütünlüklə yaşadılar. Gənclər “Ferma”da internetsiz, telefonsuz həyatın mümkünlüyünü də sübut etdilər. Məgər biz real həyatımızda tənqid olunmuruq? Məgər bizi hansısa addımımıza görə qınayan, məsləhət verən yoxdu? Bu da bir realiti- şoudur. Dünyanın bütün televiziyalarında yayımlanan realiti- şoular həmişə qalmaqallarla yadda qalır və tənqid olunur.  Gəlin səmimi etiraf edək ki, bizə bir tamaşaçı olaraq qalmaqal daha maraqlıdır, nəinki intellektual şou. Bunu internetdə yerləşdirilən müxtəlif roliklərin izlənmə sayı ilə də müqayisə edib, şahidi ola bilərsiniz. Bütün dünyada belədir, insanı səs-küy, hərəkət, hadisə daha çox cəlb edir.  Amma bizim “ferma”çılarımız hazırda kənd həyatının çətin tərəflərini, əməksevərliliklərini nümayiş etdirməklə məşğuldurlar. Lakin gəlin görək hansı jurnalist bu gün onların gördükləri çətin işlərdən yazır, təbliğ edir? Kütlə olaraq bizim marağımızda bir hədəf var-qalmaqal və şou!

-Təxminən bir aydır verilişdə aparıcı qismində sizinlə bərabər hər kəsin ANS-dən yaxşı tanıdğı Ulvira xanımı da görürük. Səbəbi tamaşaçı olaraq maraqlıdır.

-Səbəbini mənə elə gəlir ki, fermamızın anonsunda izləyib görə bilərsiniz.

-Daha aydın desək?

– Mənim işim hədsiz çoxdur. Tamaşaçının sualları isə hədsiz… Tək çatdırmaq olmur.

-Yeganə Cansail özünü hansı verilişin aparıcısı  olaraq  görür?

-Mənim üçün mövzu olaraq veriliş fərq etmir. Baxmayaraq ki, özümü mədəniyyət sahəsində daha çox görürəm, amma şou da pis deyil.

-İmkan olsaydı hansı sahədə özünüzü sınamaq istərdiniz?

-Mən həm də rəssamlıqla da məşğul oluram. Bu peşəni də təkmilləşdirmək istərdim.

yegis1

yegis

Gununsesi.info




loading...
Loading...