Yeniyetmələrdə piylənmə problemi

  • By admin
  • 29 Aprel 2017 13:28

unnamed (8)

Yeniyetmələrdə piylənmə bədən çəkisinin yaş normativlərindən yüksək olmasıdır və cinsi inkişafın pozulmasına səbəb olur. Təəssüf ki, son illər yeniyetmələr arasında artıq çəki problemi artmaqda davam edir.  

Gununsesi.info Avropa sağlıq institutlarının yaydığı rəyə əsasən xəbər verir ki, Tədqiqatlar göstərir ki, son 30 ildə onların sayı iki dəfə artıb.

Cinsi yetişkənlik dövrünə girən yeniyetmələrin bədən çəkisinin artmasına müəyyən səbəblər təsir göstərir. 

Alimentar faktor

Qida qəbulu rejiminin, həmçinin miqdarı və keyfiyyətinin pozulması – istənilən yaş kateqoriyasında çəki artıqlığının ən əsas səbəbi hesab olunsa da, yeniyetmələrdə daha böyük əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, müasir gənclərin böyük əksəriyyəti əhalinin yetkin qisminə nisbətən reklamların neqativ təsirinə daha çox məruz qalır. Yeniyetmə və gənclərə “biq-mak”ları, pizzaları, hot-doqları, şokolad və qazlı içkilərin “faydasını” aşılayan reklam resursları isə müasir dövrdə kifayət qədərdir. Üstəlik də, çoxkanallı televiziya, radio, internet və s. vasitələrdən aşıb-daşan  çəkici informasiyalar. Həmin məhsulların tərkibi çoxlu miqdarda geni dəyişdirilmiş komponentlər, trans yağlar və asan mənimsənilən şəkərlərlə zəngin olduğundan piylənməni sürətləndirir. Yeniyetmələrin televizor və ya bilgisayar  qarşısında yeməyə vərdiş etməsi vəziyyəti bir qədər də ağırlaşdırır və qüsurlu dövran əmələ gəlir: yeniyetmə televiziya verilişlərinin arasında və ya saytlarda reklamları izləyir, həmin informasiya onun qabıqaltında oturur və növbəti film və ya verilişə baxanda artıq qazlı içki və fast-food onun əlində olur. 

Az hərəkətlilik

Müasir yeniyetmələr daha az hərəkət edir, idmanla məşğul olmur, fiziki fəallıq nümayiş etdirmir. Hipodinamiya isə piylənməyə aparıb çıxaran əsas faktorlardan biri hesab olunur. 

Stress

Psixoemosional yüklənmələr, psixi gərginliklə müşayiət olunan vəziyyətlər və stress həddən artıq qida qəbuluna səbəb olur. Nəzərə alsaq ki, yeniyetmələrin psixikası olduqca həssasdır və ən kiçik qıcıqlara da kəskin neqativ reaksiya verir, o zaman yeməyin çox yeyilməsinin səbəbini anlamaq çətin deyil. Bundan başqa yeniyetməlik dövründə yuxunun pozulması və yuxu müddətinin azalması da orqanizmdə metabolik proseslərin ləngiməsi və piylənmənin inkişafı ilə nəticələnir. 

Hormonal pozulmalar

Cinsi inkişaf dövründə qızların orqanizmində estrogenlərin, oğlanlarda isə androgenlərin artması stabil sürətlə getmir və mərhələli xarakter daşıyır. Hormonların yüksəlməsi mərhələləri ara-sıra azalma dövrləri ilə əvəz olunur və həmin müddətdə də artıq piy toxuması inkişaf edir. 

Xəstəliklər

Nadir hallarda yeniyetmələrdə piylənmə endokrin problemlərlə, xüsusən də böyrəküstü vəz patologiyaları (Kuşinq sindromu), qalxanabənzər vəz çatışmazlığı (miksedema) və hipofiz xəstəliklərilə əlaqədar olur.

Bəzən piylənmə irsi xarakter daşıyır və uşaq həddi-büluğa  çatmazdan  xeyli əvvəl kökəlməyə başlayır.  Yeniyetmənin bədən çəkisinin artması və görünüşdə qüsurlar yaratması uşağın özünə qapanmasına, yaşıdları ilə ünsiyyətinin pozulmasına, özünəinam və özünədəyər hissinin azalmasına səbəb olur. Bir çox hallarda valideynlər uşağın psixoloji durumunu anlamaq və kömək etmək iqtidarında olmur.

Əlamətlər

Cinsi inkişaf dövründə piylənmə piy qatının orqanizmdə qeyri-bərabər paylanması ilə xarakterizə olunur, dəri çəhrayı rəng alır,  çatlar – striyalar müşahidə olunur. Yeniyetmənin boyu yaşına uyğun olsa da, ətrafları bədəninə nisbətən kiçik görünür. Artıq çəki bədənin statiskasını pozduğuna və aşağı ətraflara yük düşdüyünə görə ayaqlar “x” formasını alır. Piylənmədən əziyyət çəkən yeniyetmələr daha passiv olur, yaşıdlarının fikirlərini asanlıqla qəbul edir, özlərinə qapansalar da, aqressiv olmur və yumşaq xarakteri ilə seçilir. Qızlarda piy qatı daha çox süd vəzləri və sağrı nahiyələrində toplandığından onlar yetkin görkəm alır və yaşından böyük görünürlər. Oğlanlarda isə piylənmə ikincili cinsi əlamətlərin nisbətən zəif inkişaf etməsinə, tük örtüyünün az olmasına və yalançı ginekomastiyaya səbəb olur. 

Müalicəsi 

Cinsi yetişkənlik zamanı baş verən piylənmənin qarşısını almaq üçün yeniyetmə öz bədən çəkisini nəzarətdə saxlamağı öyrənməlidir. Piylənməyə meyilli yeniyetmələrin davranışı korreksiya olunmalı, o cümlədən qəbul etdiyi qidalar və onların kalori dəyəri azaldılmalı, balanslaşdırılmış pəhriz saxlanmalı, fiziki fəallıq artırılmalıdır. Gün ərzində orqanizmə su yükü verilməli, 2 litrə qədər təmiz qazsız su içilməlidir. Arıqlamağa ehtiyacı olan yeniyetməni monopəhrizlərə oturtmaq və ac saxlamaq olmaz, əksinə, onlara tam balanslaşdırılmış, meyvə və tərəvəzlərlə zəngin menyu tərtib olunmalıdır. Görünüşü ilə əlaqədar kompleks yaşayan yeniyetmələrin psixoloqla ünsiyyəti də heç də az əhəmiyyətli müalicə tədbiri deyil.

Həmin tədbirlərin görülməsi əksər hallarda müsbət səmərə verir və yeniyetmələr “uzanır”, lakin bunu etmək mümkün olmayanda kök gənclərdə ürək-damar və dayaq-hərəkət sistemi xəstəlikləri, şəkərli diabet riski artır.

Piylənmədən əziyyət çəkən yeniyetmələrə təyin edilən dərman bitkiləri və bitki qarışıqlarının təsiri praktik təbabətdə artıq çəkinin müalicəsində tətbiq olunan istiqamətlərə uyğun gəlməlidir. Yığıntıların tərkibinə iştahanı azaldan, bədəndən artıq mayeləri xaric edən, ödqovucu və bağırsaqlara yumşaldıcı təsir edən, qanda şəkərin səviyyəsini salan və orqanizmin ümumi metabolizmini sürətləndirən bitkilər daxil edilməlidir.

Dəmlənən zaman və ya daxilə qəbul olunanda şişərək selikli həlməşik əmələ gətirən bitkilərin hamısı iştahanı azaldır, selikli qişanı bürüyür və qısa zamanda toxluq hissi yaradır. Həmin bitkilərə misal olaraq kətan (zəyərək) toxumları, gülxətmi kökləri və cəbrayılotunu göstərmək olar.

Artıq çəkidən xilas olmaq üçün tətbiq olunan daha bir istiqamət orqanizmdə, xüsusən də piy toxumasında toplanan maye artığının qovulmasıdır. Buna yığıntının tərkibinə sidikqovucu təsirli bitkilər əlavə etməklə nail olmaq olar və bu sahədə daha çox çöl qatırquyruğu otundan istifadə olunur. Xalq təbabətində yeniyetmələrin kökəlməsinin qarşısını almaq üçün onların yeməyinə bir çimdik qatırquyruğu tozu qatmaq məsləhət görülür. Həmin bitkinin təsiri tərkibindəki silisium birləşmələrinin böyrək yumaqcıqlarını qıcıqlandırmasına əsaslanır, ona görə də böyrək xəstəliklərindən əziyyət çəkənlərə onun verilməsi əks göstərişdir.

Quş qırxbuğumu, ayıqulağı, mərcangilə yarpağı, həmçinin atpıtrağı və qaytarma otu da eyni təsirə malikdir.

Orqanizmi təmizləmək üçün isə yığıntıya ödqovucu və bağırsaqlara yumşaldığı təsir edən bitki hissələrinin əlavə edilməsi məqsədəuyğundur.

Ödqovucu bitkilərə solmazçiçəyi, qarğıdalı saçaqları, zirinc meyvələri, zəncirotu və dağtərxunu çiçəkləri aid edilir.

Yumşaq işlədicilərdən isə kövrək murdarça qabığı və işlədici murdarça meyvələri tətbiq olunur. Bağırsaqları yumşaldan bitkiləri yığıntıya əlavə etməzdən əvvəl qəbizlik varsa onun xarakteri müəyyən olunmalıdır. Atonik qəbizlik zamanı həmin bitkilər yaxşı nəticə verir və əksinə spastik prosesdə vəziyyəti bir qədər də ağırlaşdırır. Yeniyetmədə spastik qəbizlik müşahidə olunanda bostan şüyüdü, cirə və adi zirənin meyvələri bağırsaqların saya əzələlərində olan spazmı azaldır və yoğun bağırsaqların normal çalışmasını təmin edir.

Şəkərli diabet fonunda piylənmədən əziyyət çəkən yeniyetmələrə qanda qlükoza səviyyəsini azaldan bitkilər, xüsusən qaragilə zoğları, böyürtkən meyvələri, lobya meyvəsinin qını, zeytun yarpaqları, yeralması və gicitkən yarpaqları faydalı hesab olunur.

Bəzən arıqlamaq üçün yığıntılara əsas mübadiləni sürətləndirən bitkilər əlavə olunur.

Reseptlər

  • Hərəsindən 50 qram kətan toxumu, solmazçiçəyi, kövrək murdarça qabığı, qatırğuyruğu otu, qaragilə zoğları və gicitkən yarpaqları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 200 ml suda dəmlənir, soyuyandan sonra 3 hissəyə bölünərək gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl içilir. Müalicə 2 ay aparılır.
  • Hərəsindən 50 qram zəncirotu kökü, cəfəri toxumu, razyana toxumu və 100 qram kövrək murdarça qabıqları qarışdırılır, yığıntıdan 4 xörək qaşığı 1 litr suda 1 saat dəmlənir. Alınan dəmləmə gündə 4 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
  • 3 hissə böyürtkən yarpağı, hərəsindən 1 hissə tozağacı yarpağı, dəvədabanı, qarğıdalı saçağı və yarım hissə səna yarpaqları ilə qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 0,5 litr qaynar suda dəmlənir, səhər və günorta yeməkdən əvvəl 1/2 stəkan içilir.
  • Hərəsindən 2 hissə səna yarpaqları, yaşıl cəfəri, zəncirotu, gicitkən, hərəsindən 1 hissə razyana və nanə yarpaqları qarışdırılır, qarışıqdan 3 xörək qaşığı 1 litr qaynar suda 3 saat dəmlənir və gündə 4 dəfə 1 stəkan qəbul edilir.
  • Hərəsindən 1 filtr-bağlama Hepartea və Teaxolin çayları 1 stəkan suda dəmlənərək gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, yeməkdən sonra isə Antixol çayının dəmləməsi içilir. Müalicə müddətində gündə 1 dəfə yatmazdan əvvəl zəncəfilli Zərif çayı qəbul olunur. Prosedur 2 ay aparılır.
  • Hərəsindən 1 hissə kasnı kökləri və atpıtrağı kökləri qarışdırılır, yığıntıdan 1 xörək qaşığı 1 stəkan suda dəmlənir, səhər acqarına və axşam yeməyindən əvvəl qəbul olunur. Qarışıq həm mübadiləni sürətləndirir, həm də iştahakəsici təsir göstərir.

Yeniyetmələrdə piylənmə zamanı çay sodası və ya dəniz duzu əlavə etməklə yulaf kəpəyi, kəklikotu, qatırquyruğu, acı yovşan, qırxbuğum, tozağacı yarpaqları və budaqları, şam iynələri və ardıc bişirmələri ilə hazırlanmış vannalar qəbul etmək faydalıdır. Həmin vannalar dəri məsamələrini açır, toksinlərin dəridən xaric olmasını sürətləndirir, dərinin və dərialtı toxumaların qan dövranını yaxşılaşdırır, piy toxumasının əriməsini təmin edir. Eyni məqsədlə bədənin Fitooil masaj yağı və ya Fitooil Qara zirə yağı ilə masajı da tətbiq olunur.

Gülnaz Qənbərli

Gununsesi.info