Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb 

  • By admin
  • 04 İyul 2017 13:58

ebulfez-qarayev

İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Tehranda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb.

Gununsesi.info-nun nazirliyə istinadən verdiyi xəbərə görə, nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı turizm əlaqələri də ildən ilə genişlənir.

Əbülfəs Qarayev bildirib ki, İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etməsi zəruridir. Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə və başqa turizm sahələri səfərlər təşkil edə bilərlər.

Həmçinin o da bildirilib ki, 2018-ci il üçün İranın Təbriz şəhəri İslam dünyasının “Turizm paytaxtı” elan olunub. Bu çərçivədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin, Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtım tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Əbülfəs Qarayev İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Gununsesi.info