1993-cü il 4 iyun qiyamından 24 il keçir. Amma buna baxmayaraq, bu gün də 4 iyun qiyamına müxtəlif prizmalardan yanaşılır və hər kəs öz baxış bucağından hadisəyə qiymət verir. 4 iyun qiyamı haqqında son iki gündə sosial şəbəkələrdə paylaşılan statusları nəzərə alaraq tarixçi Dilavər Əzimliyə müraciət etdik.
Gununsesi.info tarixçi alim, 1992-93-cü illərdə Əbülfəz Elçibəy komandasında çalışan Dilavər Əzimli ilə 24 ildən sonra qiyama bir nəzər saldı.
D.Əzimli bildirib ki, sosial şəbəkələrdə 1993-cü il 04 iyun qiyamı ilə bağlı çoxlu statuslar yazıldı. “Əksəriyyətini də oxudum. O zaman bu proseslərin içində olduğumdan, bir tarixçi kimi dövrə boylanıb qiymət vermək çətin deyil. Nə baş verdi ki, qiyam vaxtında yatırıla bilmədi? Bu qiyamın xarici səbəbləri hamıya məlumdur. Bu da təbiidir. Azərbaycanın milli siyasət yürütməsi qonşu İranı və Rusiyanı dərindən narahat edirdi. Onlar da bu qiyamın təşkilatçıları rolunda çıxış etdilər. Amma maraqlısı budur ki, Qərb və ABŞ dövlətləri də bu qiyama yetərli münasibət bildirmədilər. Çünki o dövrdə aparılan radikal milli siyasət onları da qane etmirdi. Qiyama münasibətdə qardaş Türkiyə də susqunluq göstərdi. Məsələnin kökündə ilk növbədə həmin dövrdə təbii ki, iqtidar nümayəndələrinin təcrübəsizliyi dayanırdı”- deyə, D.Əzimli vurğulayıb.
Tarixçinin sözlərinə görə, o zaman düşünmürdülər ki, Qərb və ABŞ demokratiyanı iqtisadi maraqlarına qurban verə bilər: “Belə də oldu. Azərbaycan iqtidarının neft məsələsində güzəştə getməməsi onun taleyini həll etdi. Bunu sonradan Böyük Britaniyanın o zaman baş naziri vəzifəsində işləmiş M.Tetçer də yazdığı kitabında qeyd edib. Təbii ki, bunlar xarici səbəblərdir”.
D.Əzimli əlavə edib ki, sosial şəbəkələrdəki statusların çoxunda həmin qiyamın baş verməsində o zamankı prezident Əbülfəz Elçibəyi daha çox günahlandırmaq təşəbbüslərini görüb: “Dostlar, iqtidar bir nəfərdən ibarət olmur. İqtidar komanda şəklində fəaliyyət göstərir. Həmin qiyam da o dövr Azərbaycan iqtidarının təcrübəsizliyi və idarəetmədə yol verdiyi səhvlərin nəticəsi idi. O zaman iqtidarda müxtəlif qruplaşmalar vardı. Siyasi hakimiyyəti ələ almaq uğrunda bu qruplaşmalar arasında kəskin mübarizə görürdü. Görünür ki, vaxtilə bunları hiss edən Əbülfəz Elçibəy prezidentliyə namizədliyə razı olmurdu. Çünki bunun gələcəyini hiss edirdi. Belə bir sual ortaya çıxır: O zaman Əbülfəz Elçibəyin komandasında ona nə qədər sadiq insan var idi? Söhbət yalnız sadiq insanlardan gedir…Yəqin ki, barmaqla sayılar. Buna görə də Əbülfəz Elçibəy çıxışlarının birində deyirdi ki, tankların qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədilər. Bir də Əbülfəz Elçibəyə sədaqətli adamların sayı çox olsaydı, o, deyərdimi ki, özünüzü yığışdırın, gəncləri ətrafıma yığıb üstünüzə gələrəm! Bu faktları elə-belə çəkmədim. Uzada da bilərəm. Bilirəm ki, kimlərinsə xətrinə dəyəcək. Amma reallıq bundan ibarətdir! Sonradan Əbülfəz Elçibəyə sədaqətini bəyan edən insanların sifətlərini gördük”- deyə, o, vurğulayıb.
D.Əzimli onu da deyib ki, bəziləri vəzifəyə yiyələnməkdən ötrü hər şeyə hazır oldular: “Nə qədər jurnalist onun haqqında əxlaqa sığmayan yazılar yazdı. Azərbaycan Xalq Cəbhəsi bir hərəkat idi. Bu hərəkatdan çoxlu partiyalar, ictimai təşkilatlar çıxıb. Hamısı da başının üstündə Əbülfəz Elçibəyin şəklini gəzdirir. Soruşuruq, onlar səmimidirlərmi? Əgər səmimi idilərsə, o zaman Əbülfəz Elçibəyi meydanda niyə tək qoydular? Bütün bunlara o zaman qardaş Türkiyənin səfirliyində işləmiş səmimi dostum Turqut Ər tam aydınlıq gətirib. O, hamı haqqında yazıb. Yazır ki, Əbülfəz Elçibəy tək qalmışdı, hətta Alparslan Türkeş də ona “hakimiyyəti təhvil ver” dedi. Bundan sonra o, nə etməliydi. Daxildə böhran, xaricdə ən çox inandığın qardaş Türkiyənin siyasi xadimləri də sənə yardım etmir. Neynəməliydi?.. Təsəvvür edin ki, iqtidarın Daxili Qoşunlar komandanı, milli təhlükəsizlik nazirinin birinci müavini, müdafiə nazirliyinin əməkdaşları, baş prokuror və sairə girov düşürlər. Bu nə əməliyyat idi düşünülmüşdü? Baş prokuror öz prezidentinə həbs qərarı çıxarır. Acınacaqlıdır, deyilmi? Sonra da deyirsiniz ki, niyə belə etdi. Çox şey yazmaq olar! Hesab edirəm ki, o zaman Əbülfəz Elçibəy çox doğru addım atdı”.
Heydər Əliyevin Bakıya dəvət olunmasına gədlikdə isə D.Əzimli deyib ki, Heydər Əliyevin Bakıya dəvət edilməsi tarixi zərurət idi: “Əbülfəz Elçibəy bilirdi ki, Moskva vəziyyətdən istifadə edib öz adamını Azərbaycanda iqtidara gətirəcək. Bu, Ayaz Mütəllibov da, başqası da ola bilərdi. Amma Əbülfəz Elçibəy atdığı addımla Moskvanın planlarını alt-üst etdi. Bilirdi ki, Heydər Əliyev Azərbaycan müstəqilliyini Moskvaya qurban verə bilməz. Əvvəla, Heydər Əliyev kimi təcrübəli adam alkaş B.Yeltsinin idarəçiliyini qəbul edə bilməzdi. İkincisi isə Heydər Əliyev özünə bunu sığışdıra bilməzdi. Çünki o, daha təcrübəli və azman korifeylərlə işləmiş və onlar arasında manevrlər etmişdi. O zaman isə B.Yeltsinin işi-gücü araq içmək idi. Heydər Əliyev kimi adam bunu qəbul edə bilməzdi. Əbülfəz Elçibəy onu da yəqin etmişdi ki, Heydər Əliyev onun apardığı xarici siyasəti dəyişməyəcək. Çünki onun mentalitetinə bələd idi. Bu mənada onun Heydər Əliyevi Bakıya dəvət etməsi tarixi zərurət idi. Sonralar onun atdığı addımın doğru olduğunu zaman təsdiqlədi. İqtidara gələn Heydər Əliyev yenə də xarici siyasətdə qardaş Türkiyəyə tam üstünlük verdi. İranın və Rusiyanın atacağı addımları zərərsizləşdirdi. Ölkə daxilində qiyama səbəb ola biləcək bütün qüvvələri zərərsizləşdirdi. Əbülfəz Elçibəyin atdığı addımın nəticədir ki, bu gün də Azərbaycan przidenti qardaş Türkiyəyə münasibətdə ayrı olsaq da, “Bir Dövlət” prinsipindən çıxış edir”.
Son olaraq isə D.Əzimli qeyd edib ki, qiyam o hakimiyyətin fəaliyyətinin nəticəsi idi: “Hesab edirəm ki, Əbülfəz Elçibəyin iqtidarı zamanında baş verənlər iyun qiyamına gətirib çıxardı. Əbülfəz Elçibəyin böyüklüyü o oldu ki, bu qiyamdan müstəqil Azərbaycanı xilas etdi”.
Mürtəza
Gununsesi.info