Son illər ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir.
Gununsesi.org xəbər verir ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.
2019-cu ilin 2 ayı ərzində isə ölkədə 8238 nikah qeydə alınıb ki, bunlardan 274-ü əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında bağlanıb. Şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.
Rəqəmlərdən göründüyü kimi əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar kişilərdən çoxdur.
Bunun səbəbləri barədə Modern.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb.
Qızlarımızı xaricə aparan səbəblər…
M.Zeynalova bildirib ki, azərbaycanlıların əcnəbilərlə nikaha daxil olmasının bir neçə səbəbi var:
“Azərbaycan qadınları bir çox hallarda zorakılıq hallarından qorunmaq üçün əcnəbiyə ərə gedirlər. Amma əcnəbilərlə ailə qurmağın sonrakı aqibətini düşünmürlər. Mən demirəm bütün əcnəbilərlə qurulan ailələr dağılır. Amma ümumi nisbətdə əcnəbilərlə qurulan ailələr uğurlu olmur.
Bizim qızlarımız düşünür ki, xaricə gedən kimi bütün arzularını gerçəkləşdirmək asan olacaq, daha çox azadlıq əldə edəcələr, imkanları genişlənəcək, daha çox pul əldə edəcəklər, hüquqları qorunacaq, sərbəst olacaqlar. Amma hər bir ölkənin özünün ailə modeli, ailə münasibətləri, statusları var. Buradan gedənlər də məhz onlara tabe olur”.
“Əcnəbilərlərə ərə gedən qadınlarımız çoxdur”
Qadın hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbilərə ərə gedən qadınların sayı rəsmi rəqəmlərdəkindən də çoxdur:
“Bunlar da daha çox faciəvi nəticələrlə müşahidə olunur. Xaricə gedəndə xəyallarında qurduqları o möhtəşəm həyatı yaşaya bilməyəndə hər şey tərsinə çevrilir. Boşanırlar, uşaqların hüquqlarını qoruya bilmirlər, ana olaraq övladını ölkədən aparmaq-gətirmək çətinləşir. Bunun üstünə də psixoloji gərginliklər gələndə çıxılmaz duruma düşürlər”.
Qızlar elə bilir ki, xaricə gedən kimi…
M.Zeynalova deyib ki, ölkəmizdə əcnəbilərlə ailə qurulması birmənalı qarşılanmır:
“Bizimkilər daha çox müsəlman ölkələrindəki vətəndaşlarla nikaha girirlər. Yaxud əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır ki, həmin ölkənin vətəndaşlığını alıblar. Yəni bizimkilərin qeyri-millətdən olan birilə ailə qurması ənənəvi deyil. Azərbaycanlı qadının qeyri-millətdən olan birinə ərə getməsi kifayət qədər qınaq obyektinə çevirlir, hətta valideynlərin ondan üz döndərməsinə qədər aparır. Amma qloballaşma getdikcə, bu stereotiplər də aradan qalxmağa başlayır. Bəzi hallarda bizim qızlar əcnəbilə nikahı ailə münasibətlərindən, ailə buxovlarından, ailədəki qadağalardan xilas kimi görürlər. Avropada təhsil alanlar arasında Avropa vətəndaşları ilə nikaha daxilolma halları var. Bunlar daha çox təhsillilərdir. Amma digər ölkələrdəkilər orta və aşağı təhsillilərdir, yaxud ikinci nikaha girənlərdir. Əslində Azərbaycanda ikinci nikah məsələsi problem olmamağa başlayıb. Əvvəllər kişilər boşanmış qadın almaq məsələsində tərəddüd edirdisə, hazırda bu məsələlər ortadan qalxır”.
“Əcnəbilərlə nikahda zorakılıq halları çoxdur”
Birlik rəsmisi qeyd edib ki, əcnəbilərlə nikaha daxil olanlardan onun təmsil etdiyi quruma müraciət edənlər var:
“Əcnəbilərlə nikahların özünün xüsusiyyətləri var ki, onlar bəzi hallarda ailənin bütöv qalmasına maneə törədir. Bunlar psixoloji, adaptasiya problemlərilə bağlıdır. Bizə müraciət edənlərin problemi daha çox hüquqi məsələlərlə bağlı olur. Bir nəfər var, İran vətəndaşı ilə nikaha girib zorakılıqla üzləşib. Yaxud Rusiyada nikaha girib zorakılıqla üzləşən qadınlarımız olub. Azərbaycanlı oğlanlar var ki, Ukrayna vətəndaşı olan qadınla ailə qurub, zorakılıq zəminində boşanıblar. Maraqlıdır ki, bizim kişilər başqa ölkədə olanda zorakılıq törətmir, amma Azərbaycana gələndə davranışları dəyişir”.