Ədalət Partiyası hakimiyyəti Əli Əliyevi azad etməyə çağırır

Ədalət Partiyasının Siyasi Şurası noyabrın 22-də Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin 3 il 6 müddətinə azadlıqdan məhrum edilməsini pisləyən bəyanat qəbul edib.

Partiyadan Gununsesi.info-ya daxil olan bəyanatda deyilir ki, son bir il ərzində Əli Əliyevə qarşı dörd dəfə məhkəmə prosesi qurularaq partiya sədrinin azadlıqdan məhrum etmə cəzası hər dəfə yeni bir “əsaslarla” artırılmışdır:

HTML tutorial

“Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını dediyinə görə cəza alıb. Bundan sonra Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında idda qaldırıb. Ramiz Göyüşov iddia ərizəsində Ə.Əliyevin onu “Bumerang” internet televiziyasına müsahibəsində təhqir etdiyini bildirmişdi. Halbuki Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə əxlaqi dəyərlərə zidd videosu yayılandan sonra YAP-dan kənarlaşdırılıb. İndi isə partiya sədri kamera yoldaşına xəsarət yetirməkdə təqsirləndirilir.

İnsanların öz düşüncələrini azad şəkildə, şəxsi iradələrinə söykənərək ifadə etmələri bəşəriyyət yarandığı vaxtdan müşahidə olunur. Lakin bu anlayışın hüquqi və siyasi dəyərinin müəyyənləşdirilməsi, demokratik dövlət quruculuğunun açar amillərindən birinə çevrilməsi və zaman keçdikcə təkmilləşərək çoxşaxəli mahiyyət kəsb etməsi son bir neçə əsrdə formalaşıb. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində də göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır və heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Çox təəssüf ki, VİP sədri Əli Əliyev öz düşüncələrini ifadə etdiyinə görə həbs edilib və cəzasını çəkdiyi Bakı İstintaq Təcridxanasında müəmmalı və təəccüb doğuran ittihamla yenidən məhkum olunub”.

Bəyanatın sonunda Ədalət Partiyası hakimiyyəti VİP sədri Əli Əliyevin həbsi ilə bağlı qərara yenidən baxmağa və ədaləti bərpa etməyə çağırıb.

Gununsesi.info