Millət vəkili Qənirə Paşayeva Benin Parlamentinin sədri ilə görüşdə Ermənistanın işğalçılıq siyasətindən danışıb və ədalətin yanında olanlar buna etirazını yüksək səslə duyurmalıdır deyib.
Gununsesi.info-nun xəbərinə görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Benin Parlamentinin sədri Adrien Houngbedji ilə görüş zamanı Azərbaycanın Afrika ölkələri ilə dostluğun və əmkdaşlığın inkişafına önəm verdiyini deyib.
Müzakirələr zamanı millət vəkili Benin Parlamentinin sədri Adrien Houngbedjiyə Azərbaycanla bağlı, onun iqtisadi inkişafına dair və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetiridyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib.
Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı Benindən hər zaman bunu gözləyir.
Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Benin Parlamentinin sədri Adrien Houngbedjiyə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları təqdim edib. Benin Parlamentinin sədri Adrien Houngbedji də ölkəsinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.
Gülnaz Qənbərli
Gununsesi.info