Ədalətli məhkəmə-hüquq sisteminə necə nail olunmalıdır? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 03 Aprel 2019 22:19

Ölkə başçısı İlham Əliyev  “Azərbaycanda məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac var” bəyanatının ardınca “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman” imzaladı.

Bu fərmanda ölkədə məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsindən tutmuş, hakim korpusunun sosial təminatının yüksəldilməsinə dair məsələlər əksini tapıb.

Bu gün Azərbaycanın ən ciddi həllini gözləyən problemlərindən biri məhz məhkəmə-hüquq sahəsindəki durumun dəyişməsidir.

Ölkəmizdə bu sahədə ciddi addımlar atılacaqsa, məhkəməyə ayrı-ayrı güc nazirliklərinin sifarişi keçməyəcəksə, o zaman ölkədə günahsız vətəndaşların həbsi də aradan qalxacaq.

Sirr deyil ki, Azərbaycan həbsxanalarında hər 10 məhbusdan 5-6 nəfəri  törətdiyi cinayətə adekvat olmayan cəzalara məhkum olunub.

Prezident fərmanından sonra hansı addımlar atılmalıdır?

Qarşıdakı addımlar cəmiyyətin bu məsələdə nə dərəcədə real nəticə əldə edəcəyini göstərmiş olacaq.

Hakim koprpusunun formalaşmasında test imtahanları, məhkəmələr üçün müəyyən inzibati şəraitlərin yaradılması mütərrəqi addım kimi dəyərləndirilir. Ancaq praktikada Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmadığının şahidi olmuşuq. Məhkəmə hakimiyyətinin tam müstəqil olması üçün ciddi addımlar atılmalıdır.

Image result for Ali Məhkəmə

İlk növbədə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin tanınması öz həllini real praktikada tapmalıdır. Düzdür, hələ bir neçə il əvvəl Ali Məhkəmə Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin Azərbaycan dövləti tərəfindən tanınması haqqında qərar qəbul edib. Amma ötən dövrün təcrübəsi göstərib ki, əksər ictimai əhəmiyyət kəsb edən işlərdə bu nəzərə alınmayıb. Xüsusilə, konvensiyanın 3 (İşgəncələrin qadağan olunması), 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırması hüququ), 9 (Fikir, vicdan və din azadlığı), 10 (İfadə etmək azadlığı)  11 (yığıncaqlar və birləşmək azadlığı) pozuntuları təkrarlanıb. Hesab edirəm ki, Azərbaycanda məhkəmələrə birmənalı öhdəlik qoyulmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna hörmətlə yanaşsınlar. Hakimləri buna sövq etmək üçün onların qəbul etdiyi yanlış qərarlara görə, Azərbaycan dövlətinə kəsilən cərimələrin ödənilməsi onların üzərinə qoyulsun. Bundan başqa hakim korpusunun formalaşmasında ikinci mərhələ ləğv olunmalıdır. Çünki, təcrübə göstərib ki, Azərbaycanın görkəmli hüquqşünasları yazılı test imtahanın ən uğurlu nəticələr əldə etsə də sonradan Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin sədri olduğu komissiyanın  şifahi müsahibəsindən “keçə bilməyib”. 

Fərmanda hakim korpusunun genişləndirilməsin əks olunması da təqdirəlayiq haldır.

Ancaq buna qədər mövcud hakim korpusunda ciddi təmizləmələrə ehtiyac var.

Bir faktı vurğulamaq kifayyətdir. Vaxtilə ölkədə “kəsdiyi başa” görə sorğusu olmayan MTN rəhbəri Eldar Mahmudov Azərbaycanın hakim korpusuna öz adamlarını yerləşdirmişdi. 

MTN tərəfindən həbs edilən vətəndaşın hələ istintaqı dövründə işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun, Faiq Qəniyevin və digərlərinin baxacağı əvvəlcədən bəlli idi.  Bunlar o şəxslərdir ki, MTN-nin İstintaq İdarəsinin müstəntiqliyindən hakim kürsüsünə yiyələnib.

Novruz Kərimov kimi hakimlərin həddi nə idi ki, Mövlam Şıxəliyevin, Elçin Quliyevin və başqa MTN-nin rəhbər şəxslərinin təyin elədiyi cəzanı artıtıb ya azaltsın. Ona görə də hakim korpusu bu tipli adamlardan təmizlənməlidir.

Bu kimi hallara görə, ölkəmizdə vətəndaşların hüquqları elə ən çox məhkəmələrdə pozulub.

Prezident Administrasiyasına, Ombudsmana (İnsan Hüquqları üzrə Müvəkkil) edilən şikayətlərin təhlili də bunu təsdiq edir.

Məhkəmə müstəqilliyini bərpa etmək üçün Məhkəmə -Hüquq Şurasının tərkibi ciddi şəkildə yenilənməlidir. Ədliyyə Nazirinin Məhkəmə-Hüquq Şurasına rəhbərliyi qadağan olunmalıdır. 

Həmçinin, hakimlərin sosial təminatı sahəsində ciddi irəlləyiş olmalıdır ki, hakim rüşvət almaq barədə düşünməsin. Məhkəmə orqanlarında çalışan texniki heyətin bu gün aldığı 300-350 manat ciddi şəkildə artırılmalıdır.

Ölkədə hüquq-mühafizə orqanlarının tabeçiliyində olan İstintaq İdarələri ləğv olunmalı, Vahid İstintaq orqanı yaradılmalıdır.

Bu, həbs edən qurumun istintaqa müdaxiləsinin olmamasına gətirib çıxaracaq.  Bu gün polisin, prokurorluğun, ədliyyənin, verginin, gömrüyün, sərhəd xidmətinin ayrıca istintaq idarələri var. Həm həbs edirlər, həm də istintaqını aparırlar.  Ölkədə Vəkillik İnstitututunun müstəqilliyinin təminatı da məhkəmə hakimiyyətinin gücləndirilməsinə təminat verən amillərdən biri olardı.

Bu məsələlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi işiylə yanaşı siyasi iradə əsas faktordur.

Bu gün heç kəs düşünə bilməz ki, Avropa ölkələrində Azərbaycandakı kimi hal şahidi “işləyən” vətəndaşlar var. Təəssüf ki, bu, günümüzün acı reallığıdır. Hər bir rayonun polisində, prokurorluğunda şahid “işlədiyinə” görə hər bir işdən məvacib alan adamlar var. Xüsusilə, keçmiş məhkumlar, narkomaniyadan əziyyət çəkənlər daha çoxluq təşkil edir.

Bu acınacaqlı metoddan birmənalı imtina olunmalıdır.

İnsan hüquq və azadlıqlarının təminatı məsələsi Penitensiar sistemdə də həllini tapmalıdır.

40 minə yaxın Azərbaycan vətəndaşı müxtəlif cəzaçəkmə müəssisələrində hüquqsuz vəziyyətdə saxlanılır. Cinayətkar olsallar da belə onlar bu ölkənin vətəndaşıdır. Ölkə həbsxanalarında işgəncələrin, qeyri-insani rəftarın davam etməsi elə ABŞ Dövlət Departamentinin 2018-ci il üçün dünyada insan hüquqlarına dair illik hesabatında da əks olunub.

Azərbaycan qanunverciliyi cəzadan vaxtından əvvəl azad etməyə imkan versə də real praktikada  bu mümkünsüzdür, mümkün variant isə rüşvətlə həllini tapır. Prokurorluq məhkuma qarşı aqressiv yanaşmadan çəkinməlidir. Ümumiyyətlə, dövlətin cəza icra siyasəti humanizmə əsaslanmalıdır.

Həbsxanalarda həllini gözləyən ən ciddi problemlərdən biri məhkumların sağlamlıqları ilə bağlıdır. Azərbaycan həbsxanalarında Heptatit xəstəlikləri sürətlə yayılmaqdadır.

Diş kabinetindeki ləvazimətlər  sanitar-gigyenik qaydalara riayyət olunmadan, sterilizə edilmədən saxlanılılır. Bu isə virusun yayılması deməkdir.

Bir sözlə həbsxanalarda məhkum çıxdaş bir insan hesab olunmamalıdır.

Davamı var….

Pərviz Həşimli

Gununsesi.org