Ədliyyə mayoru həbsxanadakı üzdəniraqların taleyinden danışır

  • By admin
  • 18 Fevral 2017 12:41
mayor
Sabiq ədliyyə mayoru: Həbsxanadakı hadisələrdən ən dəhşətlisi intiharlar idi”
Müsahibimiz yazıçı Rövşən Yerfidir. Uzun müddət  həbsxanada çalışıb, sabiq ədliyyə zabitidir. Həbsxanada çalışdığı zaman şahidi olduğu hadisələri özünün “Qazamat sanitarları”, “”Qadın düşərgəsi”, “Residivist”, “Üzdəniraq ada” və s. kimi kitablarında əks etdirib. Çağdaş Azərbaycan nəsrində məhbəs mövzuları öz dəhşətləri, çılpaqlığı ilə Rövşən Yerfinin qələmindən gün işığına çıxıb.
Gununsesi.info sabiq ədliyyə mayoru, tanınmış yazıçının moderator.az-a müsahibəsini təqdim edir
Əvvəlcə, özünüz haqqında məlumat vermənizi xahiş edərdik. Necə oldu ki, tam fərqli bir sahədə çalışan Rövşən Yerfi sonradan ədəbiyyata bağlandı?
-Müsahibəyə dəvətə görə təşəkkür edirəm. Ədəbiyyata sonradan bağlanmamışam. Xidmətə qədər ilk addımlarımı atmışdım. 1989-cu ildə Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu yaradıcılıq müsabiqəsi keçirmişdi. Həmin müsabiqədə nəsr üzrə qalib olmuşdum. 1995-ci ilədək qəzetlərdə 7 hekayəm çıxmışdı və beş ilə yaxın idi jurnalist işləyirdim. Düzü,  mən heç vaxt arzulamamışdım ki, çiynimə “paqon” taxım, həbsxanada işləyim. Həyat məni buraya yönləndirdi. İşlədiyim qəzetin çapı dayandı, aylarla maaşa həsrət qaldım, iş tapa bilmədim, reketliyi də bacarmadım, heç indi də bacarmıram. İki körpə uşaqla, ailə qayğıları ilə çox çətin günlər keçirirdim. İstənilən ağır işə getməyə hazır idim. Məni “Qara Volqa”nı yazan Cəmşid Əmirovun oğlu – o zamanlar ədliyyə polisi Baş İdarəsinin rəisi Çingiz Əmirovun qəbuluna iş üçün göndərdilər. O, məni çox səmimi, anlaşıqlı qarşıladı və qulluğa götürdü. Düşünürəm ki, bəlkə də, onun atası jurnalist, yazıçı olmasaydı, mənə o sayaq diqqət yetirməzdi. İşə başlayanda tək arzum vaxtlı-vaxtında maaş almaq idi, başqa istəyim yox idi.
Sonralar, indi tanınmış yazıçı olan bir nəfər mənə danışdı ki, cavanlıq vaxtında cəzaçəkmə müəssisəsində bircə gün tab gətirə bilib, işləməkdən imtina edib. Amma mən dözdüm. Xasiyyətimin yumşaqlığına görə çox əziyyət çəkdim. Əsərlərimin hansında yumşaq xasiyyətli işçi varsa, orda özümü təsvir etmişəm.  Təbiətimə uyğun gəlməyən sahədə 17 il işlədim. Görünür, belə lazım imiş. Məhbəsdən yazan yazıçı da gərəkmiş və bu işi mən görməli imişəm. Bir həqiqət var ki, bu mövzuda yazmasaydım, indiki qədər də tanınmazdım.
Məhbəs mövzusunda ilk yazım “Residivist”dir. Xidmətin birinci ilində yazmışdım. Sonra daim qapalı cəzaçəkmə müəssisələrində işlədiyimdən 7 il nəsə yazmağa nə həvəsim oldu, nə də imkanım. Qorxuya düşmüşdüm ki, yazmaq qabiliyyətimi itirəcəyəm. Şükür özümü toparlaya bildim, 2003-cü ildə “Üzdəniraq ada” romanını yazmaqla ədəbiyyata yenidən bağlandım.
Gununsesi.info